← Isaiah (7/66) → |
1. | Uzziya oğlu Yotam oğlu Yəhuda padşahı Axazın hökm sürdüyü dövrdə Aram padşahı Resinlə İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimə hücum etdilər, amma oranı ala bilmədilər. |
2. | Davud nəslinə xəbər verildi ki, Aramlılarla Efrayimlilər birləşib ordu düzəldib. Padşahın və xalqın ürəyi meşə ağacları küləkdən titrəyən kimi titrədi. |
3. | Rəbb Yeşayaya dedi: «Axazı qarşılamaq üçün oğlun Şear-Yaşuvla birgə yuxarı hovuzun su yolunun qurtaracağına, Mahudbasan tarlasına gedən yola çıx». |
4. | Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın! |
5. | Aram, Efrayim və Remalya oğlu sizə qarşı şər quraraq |
6. | belə deyir: “Gəlin Yəhudanın əleyhinə çıxaq, vahiməyə salaraq zəbt edək və Tabel oğlunu oraya padşah qoyaq”». |
7. | Xudavənd Rəbb belə deyir: «Bu iş olmayacaq, baş tutmayacaq. |
8. | Çünki Aramın paytaxtı Dəməşqdir, Dəməşqin başçısı da Resindir. Efrayim isə altmış beş ildən sonra Darmadağın edilib xalq kimi qalmayacaq. |
9. | Efrayimin paytaxtı Samariyadır, Samariyanın başçısı isə ancaq Remalyanın oğludur. Əgər imanda möhkəm durmasanız, Heç dayana bilməzsiniz». |
10. | Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə. |
11. | Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». |
12. | Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm». |
13. | Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz? |
14. | Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq. |
15. | Bu uşaq pisə pis deyib yaxşını seçə biləndə kəsmik və bal yeyəcək. |
16. | Amma bu uşaq pisə pis deyib yaxşını seçə bilməzdən əvvəl səni dəhşətə salan o iki padşahın torpaqları boş qalacaq. |
17. | Rəbb səni, xalqını və ata nəslini Efrayimin Yəhudadan ayrıldığı bu günə qədər görünməyən fəlakətə uğradacaq, Aşşur padşahını üstünüzə gətirəcək. |
18. | O vaxt gələndə Rəbb fit çalacaq və Misir çaylarının mənsəblərində yaşayanları milçəklər kimi, Aşşur torpaqlarında yaşayanları arılar kimi səsləyəcək. |
19. | Onlar axın-axın gəlib dərin vadilərdə, Qaya yarıqlarında, bütün tikanlı kolluqlarda, Otlaqlarda məskunlaşacaq. |
20. | O gün Xudavənd Fəratın o tayından muzdla tutduğu ülgüclə – Aşşur padşahı ilə saçlarınızı, Bədəndəki tüklərinizi və saqqallarınızı qırxacaq. |
21. | O gün bir düyə ilə bir cüt qoyun bəsləyən |
22. | Aldığı bol süd nəticəsində kərə yağı yeyəcək. Ölkədə sağ qalan hər kəs kərə yağı ilə bal yeyəcək. |
23. | O gün min gümüş dəyərində min tənək olan Bağ tikanlı, qanqallı çölə dönəcək. |
24. | Adamlar oralardan oxlarla, kamanlarla keçəcək, Çünki ölkənin hər yanı tikan və qanqalla örtüləcək. |
25. | Bir vaxt şumlanıb əkin əkilən təpələr Kimsənin girə bilməyəcəyi tikanlı, qanqallı çölə dönəcək, Mal-qaranın gəzdiyi, qoyun-keçinin tapdaladığı yerlərə çevriləcək». |
← Isaiah (7/66) → |