← Isaiah (65/66) → |
1. | «Məni soruşmayanlara Mən zühur etdim, Məni axtarmayanlar tərəfindən tapıldım. Adımla çağırılmayan millətə dedim: “Buradayam! Buradayam!” |
2. | Pis yolla gedən, Öz düşüncələri ilə hərəkət edən Dikbaş xalqa gün boyu əllərimi uzadıb durdum. |
3. | O xalq ki bağlarda qurban kəsərək, Kərpiclərin üstündə buxur yandırıb Gözüm önündə daima Məni təhqir edir, |
4. | Qəbiristanlıqda oturub Gizli yerlərdə gecələyir, Donuz əti yeyir, Qablarında haram ət qaynadır. |
5. | Onlar bir-birinə deyir: “Uzaq dur, Mənə yaxınlaşma, çünki mən səndən müqəddəsəm”. Belələri burnuma tüstü, Bütün gün yanan alovdur. |
6. | Budur, qarşımda bunlar yazılıb: Mən susmayacağam, Ancaq onların əvəzini verəcəyəm, Əməllərini başlarına çevirəcəyəm. |
7. | Onların da, atalarının da qəbahətlərinin cəzasını Onlara çəkdirəcəyəm». Rəbb deyir. «Dağların başında buxur yandırdıqlarına görə, Təpələrin başında Mənə küfr etdiklərinə görə Mən əvvəlki əməllərini ölçüb onların əvəzini onlara çəkdirəcəyəm». |
8. | Rəbb deyir: «Üzüm salxımında şirə tapıldığına görə deyirlər: “Salxımı xarab etməyin, içində bərəkət var”. Mən də qullarımın xatirinə belə edərəm ki, Onların hamısı məhv olmasın. |
9. | Yaqubdan törəyənlərin sayını artıracağam, Yəhuda nəslindən dağlarıma varis çıxacaq, Seçilmiş xalqım oranı irs alacaq. Mənim qullarım orada məskunlaşacaq. |
10. | Məni axtaran xalqım üçün Şaron sürülərin otlağı, Akor vadisi mal-qaranın rahatlandığı yer olacaq. |
11. | Lakin sizlər – Rəbbi tərk edənlər, Müqəddəs dağımı unudanlar, Tale allahına süfrə açanlar, Qismət allahına camlarda şərab təqdim edənlər, |
12. | Mən də sizi qılınca qismət edəcəyəm, Hamınız qırılmaq üçün diz çökəcəksiniz. Çünki Mən çağıranda sizdən cavab almadım, Danışanda qulaq asmadınız. Gözümdə pis olanı etdiniz, Mənə məqbul olmayanı seçdiniz». |
13. | Buna görə də Xudavənd Rəbb belə deyir: «Qullarım yeyəcək, sizsə ac qalacaqsınız, Qullarım içəcək, sizsə susayacaqsınız, Qullarım sevinəcək, sizsə utanacaqsınız. |
14. | Qullarım şadlanıb mədhiyyələr söyləyəcək, Sizsə ürək ağrısından qışqıracaqsınız, Kədərli ruhla fəryad edəcəksiniz. |
15. | Sizin adınız seçilmiş xalqımın Ağzında ancaq lənət kimi qalacaq. Xudavənd Rəbb sizi öldürəcək, Öz qullarına isə başqa ad verəcək. |
16. | Ölkədə kim xeyir-dua istəsə, Sadiq Allahdan diləyəcək. Ölkədə kim and içsə, Sadiq Allahın adı ilə and içəcək. Çünki keçmiş əziyyətlər unudulub Gözümün önündən yox olacaq. |
17. | Budur, Mən yeni göylər və yeni yer yaradıram. Əvvəlki işlər bir daha xatırlanmayacaq, Heç yada düşməyəcək. |
18. | Yaratdığımla əbədilik sevinin, şadlanın. Çünki sevinc üçün yeni Yerusəlimi, Sakinlərini xoşbəxtlik üçün yaradacağam. |
19. | Mən Yerusəlim üçün sevinəcəyəm, Xalqım üçün şadlanacağam. Orada nə ağlaşma, nə fəryad səsi Bir daha eşidilməyəcək. |
20. | Uşaqlar artıq körpə çağlarında ölməyəcək, Uzun ömür sürməyən qoca olmayacaq, Yüz yaşında ölənlər cavan sayılacaq, Yüz yaşına çatmayanlar lənətli sayılacaq. |
21. | Onlar evlər tikib orada məskunlaşacaq, Üzüm bağları salacaq, bəhrələrindən yeyəcək. |
22. | Tikdikləri evdə özgələr yaşamayacaq, Əkdikləri bağın meyvələrini başqaları yeməyəcək. Çünki xalqım ağaclar tək uzun ömür sürəcək, Seçilmişlərim əllərinin işlərindən zövq alacaq. |
23. | Onlar boş yerə əlləşməyəcək, Övladları bəlalarla üzləşməyəcək. Çünki özləri də, övladları da, Rəbbin xeyir-dualı nəsli olacaq. |
24. | Onlar Məni çağırmamışdan Mən onlara cavab verəcəyəm, Onlar hələ danışarkən Mən eşidəcəyəm. |
25. | Qurdla quzu bir yerdə otlayacaq, Şir buğa tək saman yeyəcək, İlanın yediyi torpaq olacaq. Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək». Rəbb belə deyir. |
← Isaiah (65/66) → |