| ← Isaiah (64/66) → | 
| 1. | Ya Rəbb, kaş göyləri yarıb enəydin, Dağlar hüzurunda sarsılardı! | 
| 2. | Alov kolluğu yandıran kimi, Od suyu qaynadan kimi Adını yağılarına tanıtdıraydın, Millətlər önündə lərzəyə gələrdi! | 
| 3. | Sən gözləmədiyimiz əzəmətli işlər edəndə Endin yer üzünə, dağlar önündə sarsıldı. | 
| 4. | Ona etibar edənlər üçün belə işlər edən Allahı, Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib. | 
| 5. | Sevinə-sevinə salehlik edəni, Yollarında Səni xatırlayanları qarşılayırsan. Amma biz günaha batdıq, Sən qəzəbləndin. Beləcə xeyli vaxt yaşadıq, Bəs biz necə xilas ola bilərik? | 
| 6. | Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır. | 
| 7. | Sənin adını çəkən yoxdur, Sənə bağlanmaq üçün can atan yoxdur. Çünki bizdən üz döndərdin, Şər əməllərimizə görə bizi yox etdin. | 
| 8. | Yenə də, ya Rəbb, Sənsən Atamız: Biz gilik, Sən isə dulusçu, Biz hamımız Sənin əlinin işiyik. | 
| 9. | Ya Rəbb, çox qəzəblənmə, Şər əməllərimizi heç vaxt xatırlama, Hamımız Sənin xalqınıq, bunu nəzərə al. | 
| 10. | Müqəddəs şəhərlərin səhraya, Sion çöllüyə döndü, Yerusəlim viran qaldı. | 
| 11. | Atalarımızın Sənə həmd etdikləri yer – Müqəddəs, şanlı məbədimiz yandı, Gözəl binalarımız xaraba qaldı. | 
| 12. | Bütün bunlardan sonra, Ya Rəbb, yenə də Özünü saxlayacaqsanmı? Susub bizi nə qədər alçaldacaqsan? | 
| ← Isaiah (64/66) → |