← Isaiah (63/66) → |
1. | Edomdan, Bosradan al geyimlər geyib Bu gələn kimdir? Təmtəraqlı libas içində, Böyük qüdrətlə gələn kimdir? «O Mənəm, həqiqətlə danışan, Qurtarmağa qadir olan». |
2. | Nə üçün geyimlərin qırmızıdır, Nə üçün libasın al rəngdədir, Sanki sən üzümsıxanda üzüm sıxırdın? |
3. | «Üzümsıxanda üzümü tək sıxdım, Yanımda xalqlardan heç kim olmadı. Qəzəb içində onları tapdaladım, Qeyzlə təpiyimin altına saldım. Qanları geyimlərimə sıçradı, Bütün libaslarımı bulaşdırdım. |
4. | Çünki qisas günü qəlbimdə idi, Xalqımı satın aldığım il gəldi. |
5. | Mən baxdım, kömək edən bir kəs yox idi, Mənim tərəfimi saxlayan olmadığına məəttəl qaldım, Onda qolum mənə zəfər gətirdi, Qeyzim mənə dayaq oldu. |
6. | Qəzəb içində xalqları tapdaladım, Qeyzimi onlara içirtdim, Qanlarını yerə axıtdım». |
7. | Rəbbin lütfkar işlərindən, Həmdlərə layiq əməllərindən nəql edəcəyəm. Böyük mərhəməti və məhəbbəti naminə, İsrail nəslinə etdiyi böyük xeyirxahlığına görə, Rəbbin bizə etdiyi bütün işlərinə görə Onu xatırlayacağam. |
8. | Rəbb dedi: «Əlbəttə, onlar Mənim xalqımdır, Məni aldatmayan övladlarımdır». Beləcə onlara Qurtarıcı oldu. |
9. | Onlar əziyyət çəkdikdə O da əziyyət çəkdi. Hüzurundan gələn mələk onları xilas etdi. Məhəbbəti və mərhəməti ilə Onları satın aldı. Bütün keçmiş günlərdə onları götürüb apardı. |
10. | Lakin İsrail üsyankar olaraq Onun Müqəddəs Ruhunu kədərləndirdi. Rəbb də düşməni olub Onlara qarşı döyüşdü. |
11. | Sonra xalq keçmiş günləri – Rəbbin qulu Musanın dövrünü yada saldı. Onları sürüsünün çobanları ilə birgə Dənizdən keçirən haradadır? Onların daxilinə Müqəddəs Ruhunu ehsan edən, |
12. | Öz əzəmətli gücü ilə Musanın sağ əlindən tutub, Özünə əbədi ad qazandırmaq üçün Suları qarşılarında yaran Rəbb haradadır? |
13. | Bir at çöldə yıxılmadan çapan kimi Onları da dərinliklərdən elə keçirən Rəbb haradadır? |
14. | Rəbbin Ruhu onlara elə rahatlıq verdi ki, Elə bil naxır otu bol olan dərədə otarılır. Bəli, Sən adını şərəfləndirmək naminə Xalqına belə yol göstərdin. |
15. | Ya Rəbb, göylərdən bax, Müqəddəs, izzətli, uca məskənindən bizə nəzər sal! Haradadır Sənin qeyrətin, gücün? Qəlbindəki həsrəti, rəhmi bizdən əsirgədin. |
16. | Sənsən Atamız. İbrahim bizi tanımasa da, İsrail bizim kim olduğumuzu bilməsə də, Atamız Sənsən, ya Rəbb, Əzəldən bəri adın «Bizi Satınalan»dır. |
17. | Nə üçün, ya Rəbb, Bizi yolundan azdırırsan, Səndən qorxmayaq deyə Qəlblərimizi inadkar edirsən? Qullarının xatirinə, İrsin olan qəbilələrinin xatirinə geri dön. |
18. | Müqəddəs xalqın qısa müddətə Sənin Müqəddəs məkanına sahib oldu. İndi isə oranı düşmənlərimizin ayağı tapdalayır. |
19. | Əzəldən bəri heç vaxt Hakimlik etmədiyin xalqa bənzədik, Sanki Sənin adına bağlı xalq olmamışıq. |
← Isaiah (63/66) → |