← Isaiah (62/66) → |
1. | Salehliyi nur kimi saçanadək, Qurtuluşu məşəl tək yananadək Sion naminə susmayacağam, Yerusəlim naminə sakit durmayacağam. |
2. | Millətlər salehliyini, Bütün padşahlar əzəmətini görəcək. Rəbbin ağzı ilə deyəcəyi, Sənə verəcəyi yeni bir adla çağırılacaqsan. |
3. | Sən Rəbbin əlində gözəllik tacı, Allahının ovcunda padşahlıq çələngi olacaqsan. |
4. | Artıq sənə «atılmış», Ölkənə «viranə qalmış» deməyəcəklər. Əvəzinə sənə «sevdiyim», Ölkənə isə «ərli» deyiləcək. Çünki Rəbb səni sevəcək, Ölkən də ərli sayılacaq. |
5. | Bir gənc bakirə qızla evləndiyi kimi Səni Yaradan da səninlə evlənəcək. Bəy gəlindən zövq aldığı kimi Allahın da səndən zövq alacaq. |
6. | Ey Yerusəlim, divarlarının üstünə Mən qarovulçular qoydum. Gecə-gündüz onlar susmayacaq. Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın, |
7. | Rəbb Yerusəlimi bərpa edənədək, Onu yer üzünün tərifə layiq şəhərinə döndərənədək Ona rahatlıq verməyin! |
8. | Rəbb sağ əlini, güclü qolunu Qaldırıb and içdi: «Düşmənlərinə sənin taxılını bir daha yedirtməyəcəyəm, Yadellilər sənin əziyyətlə sıxdığın şərabını içməyəcək. |
9. | Taxılı yığan yeyəcək, Rəbbə həmdlər edəcək. Üzümü toplayan şərabını Məbədimin həyətlərində içəcək». |
10. | Keçin, keçin şəhər darvazalarından, Xalq üçün yol hazırlayın! Tikin, yol salın, Daşları kənara atın, Xalqlar üçün bayraq qaldırın! |
11. | Rəbb yer üzünün ən uzaq yerlərinə bəyan etdi: «Sion qızına deyin: “Budur, qurtuluşun gəlir, Rəbbin mükafatı onunladır, Ənamı önündədir”». |
12. | Sion xalqına «Rəbbin satın aldığı, müqəddəs xalq» deyəcəklər. Sən, ey Yerusəlim, «Allahın axtardığı, tərk olmamış şəhər» adlanacaqsan. |
← Isaiah (62/66) → |