| ← Isaiah (60/66) → |
| 1. | Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi! |
| 2. | Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, İzzəti səni əhatə edəcək. |
| 3. | Millətlər sənin nuruna, Padşahlar üzərinə çökən aydınlığa doğru gələcək. |
| 4. | Qaldır başını, bax ətrafına, Hamı yığılıb yanına gəlir! Oğulların uzaqdan gəlir, Qızların qucaqda gətirilir. |
| 5. | O vaxt bunu görüb üzün nur saçacaq, Ürəyin sevincdən tez-tez çırpınacaq. Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək, Millətlərin sərvəti sənə gələcək. |
| 6. | Dəvə sürüləri, Midyan və Efa köşəkləri Torpaqlarını dolduracaq. Bütün Səba xalqı gəlib Qızıl və kündür gətirəcək, Rəbbə həmdlər söyləyəcək. |
| 7. | Qedarın bütün qoyun sürüləri yanına yığılacaq, Nevayotun qoçları sənin əlinin altında olacaq, Qurbangahıma Mənə məqbul olan qurbanlar gətiriləcək. Şərəfli evimi daha da izzətləndirəcəyəm. |
| 8. | Kimdir bunlar, bulud kimi, Yuvalarına yaxınlaşan göyərçin tək uçub gələnlər? |
| 9. | Uzaq diyarlar Mənə ümid bağladıqlarına görə Tarşiş gəmiləri başda olmaqla Allahın Rəbbin şərəfinə, Səni ucaldan İsrailin Müqəddəsi üçün Sənin övladlarını qızıl-gümüşü ilə Uzaqdan gətirən gəmilərdir bunlar. |
| 10. | Əcnəbilər divarlarını tikəcək, Padşahları sənə xidmət edəcək. Qəzəbimdə səni vurdumsa da, Lütfümlə sənə mərhəmət edəcəyəm. |
| 11. | Darvazaların həmişə açıq qalacaq, Nə gecə, nə də gündüz qıfıllanmayacaq ki, Millətlərin sərvəti sənə təqdim olunsun, Padşahları yanına gətirilsin. |
| 12. | Çünki sənə xidmət etmək istəməyən Millət ya padşahlıq məhv olacaq, Bəli, o millətlər tamamilə yox olacaq. |
| 13. | Livanın şan-şöhrəti olan şam ağacı, çinar və sərv ağacları Müqəddəs məkanımdakı yeri gözəlləşdirmək üçün Birgə yanına gətiriləcək, Qədəm qoyduğum yeri şərəfləndirəcəyəm. |
| 14. | Sənə zülm edənlərin övladları Gəlib önündə təzim edəcək. Sənə həqarətlə baxanların hamısı Ayaqlarına düşüb səcdə edəcək. Sənə Rəbbin şəhəri, İsrailin Müqəddəsinin Sionu deyəcəklər. |
| 15. | Səni tərk edib nifrət etdilər, Yanından heç kim keçmirdi, İndi isə Mən səni əbədi fəxr, Nəsillər boyu sevinc edəcəyəm. |
| 16. | Millətlər və padşahlar Bir ana kimi sənə süd verəcəklər. O vaxt biləcəksən ki, səni qurtaran Rəbb, Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm. |
| 17. | Sənə tunc əvəzinə qızıl, Dəmir yerinə gümüş, Ağac yerinə tunc, Daş əvəzinə dəmir gətirəcəyəm. Əmin-amanlığı başçın, Salehliyi hökmdarın təyin edəcəyəm. |
| 18. | Ölkəndən zorakılıq, Sərhədlərindən viranəlik, Qırğın xəbəri gəlməyəcək. Divarlarını «Xilas», Darvazalarını «Həmd» adlandıracaqsan. |
| 19. | Artıq gündüz günəş sənin işığın olmayacaq, Gecə ay sənə aydınlıq verməyəcək. Çünki Rəbb əbədi nurun, Allahın sənin şöhrətin olacaq. |
| 20. | Günəşin batmayacaq, ayın gizlənməyəcək, Çünki Rəbb əbədi nurun olacaq, Sənin yaslı günlərin qurtaracaq. |
| 21. | Bütün xalqın saleh olacaq, Torpağı əbədi mülk olaraq alacaq. Onlar əkdiyim fidandır, Şöhrətimi göstərmək üçün əlimin işidir. |
| 22. | Ən kiçik ailədən böyük nəsil törəyəcək, Azsaylı nəsil qüdrətli millət olacaq. Mən Rəbb bunu öz vaxtında tez edəcəyəm. |
| ← Isaiah (60/66) → |