| ← Isaiah (6/66) → |
| 1. | Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O, uca və əzəmətli taxtda oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü. |
| 2. | Onun ətrafında seraflar dayanmışdı. Hər birinin altı qanadı var idi. Qanadının ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtmüş, ikisi ilə uçurdular. |
| 3. | Biri o birini səsləyib deyirdi: «Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir! Bütün yer üzü Onun əzəməti ilə doludur». |
| 4. | Serafların səsindən qapı çərçivələri ilə kandarları sarsıldı, məbəd tüstü ilə doldu. |
| 5. | Mən dedim: «Vay halıma, həlak oldum! Çünki ağzı murdar bir adamam, Həm də murdar ağızlı adamlar arasında yaşayıram. Buna baxmayaraq, qarşımda Padşahı – Ordular Rəbbini gözlərimlə gördüm». |
| 6. | Seraflardan biri mənə tərəf uçdu, əlində də maşa ilə qurbangahdan götürdüyü yanar kömür var idi. |
| 7. | O, kömürlə dodaqlarıma toxunaraq dedi: «Budur, bu kömür dodaqlarına dəydi, Pisliyin silindi, günahın bağışlandı». |
| 8. | Sonra Xudavəndin səsini eşitdim: «Kimi göndərim? Bizim üçün kim gedəcək?» Mən dedim: «Mən buradayam. Məni göndər». |
| 9. | O dedi: «Get bu xalqa bunu çatdır: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. |
| 10. | Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən elə, gözlərini yum ki, Gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönüb şəfa tapmasınlar”». |
| 11. | «Nə vaxtadək, ya Xudavənd?» deyə soruşdum. Rəbb cavab verdi: «Şəhərlər xarabalıqlara dönüb kimsəsiz, Evlər adamsız, bu torpaq büsbütün viranə qalanadək. |
| 12. | Rəbb adamları çox uzaqlara sürgün edəcək, Ölkənin çox yerləri viran qalacaq. |
| 13. | Xalqın onda biri qalsa belə, Ölkə yenə dağılacaq; Lakin kəsiləndə kötüyü qalan Yabanı püstə və palıd ağacı kimi Müqəddəs nəsil onun kötüyüdür». |
| ← Isaiah (6/66) → |