← Isaiah (59/66) → |
1. | Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, Qulağı kar deyil ki, eşidə bilməsin. |
2. | Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza görə Onun üzü sizdən döndü, O səsinizi eşitmir. |
3. | Çünki əlləriniz qanla, Barmaqlarınız şər əməllərlə murdarlanıb. Dodaqlarınız yalan danışır, Diliniz pislik söyləyir. |
4. | Məhkəmədə ədalətlə işə baxan yoxdur, Doğruluqla özünü müdafiə edən yoxdur, Boş sözlərə güvənirlər, aldadırlar, Əziyyətə hamilə olub pislik doğurlar. |
5. | Gürzə yumurtaların üstündə qırt yatıb Hörümçək toru toxuyurlar. O yumurtalardan yeyən ölür, Qırılan yumurtalardan əfi ilan çıxır. |
6. | Onların toxuduğu hörümçək torundan paltar çıxmaz, Toxuduqları parça ilə özlərini örtə bilmirlər. Elədikləri əməllər şər əməllərdir, Əllərində zorakılıq işləri var. |
7. | Ayaqları pis işlər etməyə tələsir, Günahsız qan tökməyə cəlddir. Fikirləri, niyyətləri şər əməllərdir, Yollarında viranəlik, qırğın var. |
8. | Əmin-amanlıq yolu nədir, onlar bilmirlər, Getdikləri yolda ədalət yoxdur, Özlərinə əyri yol seçdilər, O yoldan gedənlərin heç biri Əmin-amanlıq nədir bilmir. |
9. | Buna görə ədalət bizdən uzaqlaşıb, Salehliyə çata bilmirik. İşıq ümidindəyik, lakin qaranlıqdayıq, Aydınlıq gözləyirik, zülmətdə yeriyirik. |
10. | Kor kimi əllərimizlə divarı yoxlayırıq, Gözü görməyənlər tək yol axtarırıq. Günorta çağı gecə vaxtı olduğu kimi büdrəyirik, Güclülər arasında ölülər kimiyik. |
11. | Hamımız ayı kimi nərildəyirik, Göyərçin tək inildəyirik. Ədalət gözləyirik, lakin heç bir şey yoxdur. Qurtuluş gözləyirik, amma bizdən uzaqdır. |
12. | Çünki Önündə üsyankarlığımız böyükdür, Günahlarımız bizə qarşı şəhadət edir. Üsyankarlığımız bizi dövrəyə alıb, Şər əməllərimizdən xəbərdarıq. |
13. | Üsyankar olub Rəbbi rədd etdik, Allahımızın ardınca getmədik, Zorakılıq, xəyanətlə dolu sözlər danışdıq, Yalan kəlmələri ürəyimizdə gizlətdik, Sonra aşkara çıxartdıq. |
14. | Ədalət geri çəkildi, Salehlik uzaqda durdu, Çünki həqiqət şəhər meydanında yıxıldı, Dürüstlük aramıza daxil ola bilmir. |
15. | Həqiqət heç bir yerdə yoxdur, Şərdən uzaq duran talan olunur. Rəbb bunları gördü, Ədalətin yoxluğu Onun xoşuna gəlmədi. |
16. | Rəbb gördü ki, heç kim yoxdur, Havadarın olmadığına görə O mat qaldı. Onda Onun qolu Ona zəfər gətirdi, Salehliyi Ona dayaq oldu. |
17. | O, salehliyi zireh kimi geydi, Qurtuluş dəbilqəsini başına taxdı. Qisas geyimlərini geydi, Qeyrət libasına büründü. |
18. | O hər kəsə əməllərinə görə əvəz verəcək. Düşmənlərinə qəzəblə, yağılarına, Uzaq diyarlara qisasla əvəz verəcək. |
19. | Beləcə qərbdən şərqədək adamlar Rəbbin adından və əzəmətindən qorxacaq. Çünki düşmən azğın bir çay kimi gəldikdə Rəbbin nəfəsi onu qovacaq. |
20. | Rəbb bəyan edir: «Satınalan Siona gələcək, Yaqub nəslinin üsyankarlıqdan dönənlərinin yanına gələcək». |
21. | «Mənim onlarla bağladığım əhd budur: üzərindəki Ruhum, ağzına qoyduğum sözlərim indidən sonsuzadək sənin, övladlarının, nəvə-nəticələrinin ağzından düşməyəcək». Bunu Allah deyir. |
← Isaiah (59/66) → |