← Isaiah (58/66) → |
1. | «Avazla çığırın, çəkinməyin, Səsinizi şeypur səsi kimi ucaldın, Xalqıma üsyankarlığını, Yaqub nəslinə günahlarını bildirin! |
2. | Onlar hər gün Məni axtarır, Mənim yolumu öyrənməkdən zövq alır. Sanki bu əməlisaleh, Allahının hökmündən ayrılmayan millət imiş. Onlar Məndən düzgün hökmlər diləyirdi, Allaha yaxınlaşmaqdan zövq alırdı. |
3. | Onlar belə deyir: “Oruc tutduğumuzu nə üçün görmürsən, Özümüzü aşağı tutanda, Sən niyə fikir vermirsən?” Baxın, oruc tutduğunuz gün Siz istədiyinizi edirsiniz, Bütün işçilərinizi sıxışdırırsınız. |
4. | Baxın, orucunuzu savaşma ilə, Dava ilə, yumruqla, döyməklə keçirirsiniz. Səsinizi ucalara çatdırmaq üçün Bugünkü kimi sizə oruc tutmaq olmaz. |
5. | İstədiyim oruc, insanın özünü aşağı tutduğu gün belə olmalı idimi? Bu, qamış kimi başınızı əyib, Əyninizə çul geyib, kül üstündə oturmağınızdırmı? Bunamı oruc və Rəbbə məqbul olan gün deyirsiniz? |
6. | Mənim istədiyim orucsa Haqsızlığın buxovlarını qırmaq, Boyunduruğun iplərini açmaq, Sıxıntı içində olanları azad etmək, Hər cür boyunduruğu məhv etmək deyilmi? |
7. | Yediyiniz çörəyi acla bölüşdürmək, Yurdsuz kasıbları evinizə gətirmək deyilmi? Mənim istədiyim oruc bu deyilmi? Çılpaq görəndə geyindirmək, Yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi? |
8. | Onda nurunuz şəfəq kimi saçacaq, Tezliklə şəfa tapacaqsınız, Qarşınızda salehliyiniz gedəcək, Rəbbin izzəti sizə arxa olacaq. |
9. | O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək. Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək. Əgər siz boyunduruğu, Yəni başqalarına zülm etməyinizi Aranızdan rədd etsəniz, Barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz, |
10. | Can-dildən acların qayğısına qalsanız, Fəqirlərin ehtiyaclarını ödəsəniz, Nurunuz qaranlıqda parlayacaq, Qaranlığınız günorta işığı kimi nur saçacaq. |
11. | Rəbb həmişə sizə yol göstərəcək, Quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək. Siz də sulanmış bağça kimi, Suları heç vaxtı əskilməyən Bulaq kimi olacaqsınız. |
12. | Sizdən törənənlər qədim dağıntıları tikəcək, Nəsillərdən qalma təməllərin üstünü Siz bərpa edəcəksiniz. Sizə xarabalıqları bərpa edənlər, Camaatın yaşaması üçün Küçələri yenidən quranlar deyiləcək. |
13. | Şənbə günündə büdrəməsəniz, Müqəddəs günümdə istədiyinizi etməsəniz, Şənbə gününü “şən gün”, Rəbbin müqəddəs gününü “Şərəfli gün” adlandırsanız, Öz yolunuzla getməməklə, İstədiyinizi əldə etməməklə, Boşboğazlıqla məşğul olmamaqla, O günü əziz tutsanız, |
14. | Rəblə ünsiyyətdən zövq alacaqsınız. O zaman Mən sizi yer üzünün Yüksək yerlərinə çıxaracağam, Atanız Yaqubun payından dadacaqsınız». Bu sözlər Rəbbin ağzından çıxıb. |
← Isaiah (58/66) → |