← Isaiah (56/66) → |
1. | Rəbb belə deyir: «Ədaləti qoruyun, salehliyə əməl edin. Çünki xilasım yaxındadır, Salehliyim tezliklə aşkar olunacaq. |
2. | Bunu edən insan, Buna itaət edən bəşər oğlu nə bəxtiyardır! Şənbə gününü tutar, murdarlamaz, Hər cür şərdən qorunar. |
3. | Qoy Rəbbə bel bağlayan heç bir yadelli deməsin: “Əlbəttə, Rəbb məni Öz xalqından ayıracaq”. Qoy heç bir xədim deməsin: “Mən quru bir ağacam”». |
4. | Çünki Rəbb belə deyir: «Şənbə günlərimə riayət edən, Mənə xoş gələni seçən, Əhdimə itaət edən xədimlərə |
5. | Evimdə, divarlarımın arasında Oğul və qızlardan daha da yaxşı olan Xatirə və ad verəcəyəm. Onlara silinməz, əbədi bir ad verəcəyəm. |
6. | Rəbbə xidmət etmək, Onun adını sevmək, Onun qulu olmaq üçün Şənbə gününə riayət edən, o günü murdarlamayan, Əhdimə itaət edən, Rəbbə bel bağlayan bütün yadelliləri |
7. | Müqəddəs dağıma gətirib Dua evimdə sevindirəcəyəm. Onların gətirdikləri Yandırma qurbanları, bütün qurbanlar Qurbangahımda qəbul olunacaq. Çünki Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq». |
8. | İsrailin əsir düşmüş övladlarını toplayan Xudavənd Rəbb belə bəyan edir: «Mən hələ toplanmışların yanına başqalarını da yığacağam». |
9. | Ey bütün çöl heyvanları, Ey bütün meşə heyvanları, Gəlin yeməyə! |
10. | Xalqımın bütün gözətçiləri kordur, cahildir! Onların hamısı hürə bilməyən lal itlərdir, Yuxu görürlər, uzanırlar, Yatmağı sevirlər! |
11. | Acgöz, azğın köpəklərdir bunlar, Axmaq çobanlardır bunlar! Hər kəs öz yolu ilə gedir, Hər biri öz xeyrini güdür! |
12. | Bir-birlərinə deyirlər: «Gəlin, şərab gətirək, Bol-bol kefləndirici içki içək! Sabahkı gün də bu gün kimi, Hətta bundan da çox yaxşı olacaq!» |
← Isaiah (56/66) → |