| ← Isaiah (55/66) → |
| 1. | Ey bütün susamışlar, gəlin su başına! Ey pulu olmayanlar, gəlin, alın, yeyin! Gəlin, şərabı və südü pulsuz, havayı alın! |
| 2. | Nə üçün pulunuzu çörək olmayan şeylərə, Qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, Yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız. |
| 3. | Qulaq asın, Mənim yanıma gəlin, Dinləyin ki, sağ qalasınız. Mən sizinlə əbədi əhd, Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm. |
| 4. | Budur, onu ümmətlərə şahid, Xalqlara başçı və hökmdar etdim. |
| 5. | Tanımadığınız millətləri çağıracaqsınız. Sizi tanımayan millətlər qaça-qaça yanınıza gələcək. Allahınız Rəbbə görə, İsrailin Müqəddəsindən ötrü onlar gələcək, Çünki Rəbb sizi ucaltdı. |
| 6. | Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Onu çağırın. |
| 7. | Qoy pis adam öz yolunu, Şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Onda mərhəmət tapsın. Qoy Allahımıza tərəf dönsün, Çünki Onun əfvi boldur. |
| 8. | «Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, Sizin yollarınız Mənim yollarım deyil» Rəbb belə bəyan edir. |
| 9. | «Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, Yollarım da sizin yollarınızdan, Fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir. |
| 10. | Yağış və qar necə göylərdən yağıb oraya qayıtmırsa, Ancaq torpağı sulayıb yeri məhsuldar edirsə, Əkinçiyə toxum, yeyənə çörək verirsə, |
| 11. | Ağzımdan çıxan kəlmə də belədir: Boş yerə yanıma qayıtmaz, Ancaq istədiyimi yerinə yetirər, Onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər. |
| 12. | Sevinclə çıxacaqsınız, Sülhlə müşayiət olunacaqsınız, Dağlar, təpələr önünüzdə sevinclə nəğmə deyəcək, Çöldəki bütün ağaclar əl çalacaq. |
| 13. | Tikanlı kol əvəzinə şam ağacı, Qanqal əvəzinə mərsin ağacı bitəcək. Bu, Rəbb üçün şöhrət, Pozulmaz əbədi əlamət olacaq». |
| ← Isaiah (55/66) → |