← Isaiah (53/66) → |
1. | Xəbərimizə kim inandı, Rəbbin gücü kimə zahir oldu? |
2. | O, Rəbbin önündə bir fidan kimi, Quru torpaqda bitən kök kimi böyüdü. Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi, Gözümüzü oxşayan zahiri siması da yox idi. |
3. | Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. |
4. | Əslində xəstəliklərimizi o çəkdi, Dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, Vurulub iztirab çəkdiyini zənn etdik. |
5. | Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. |
6. | Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. |
7. | Ona zülm etdilər, O iztirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, Qırxımçıların qabağında dilsiz qoyun kimi Ağzını açmadı. |
8. | Ədalətsizliklə məhkum olunaraq ölümə aparıldı. Onun nəsli haqqında kim düşünə bilərdi? Axı xalqımın üsyankarlığına görə O edam olundu, dirilər arasından atıldı. |
9. | O heç bir zorakılıq etmədiyi, Ağzından yalan söz çıxmadığı halda Qəbri pis adamların yanında quruldu, Dövlətli adamın yanında dəfn olundu. |
10. | Amma Rəbb Özü onun bu iztirablarını istədi, Çəkdiyi əziyyətlər Onun iradəsi idi. Öz canını təqsir qurbanı təqdim edərsə, Nəsil görəcək, ömür uzadacaq. Rəbbin istəyi onun əli ilə uğur qazanacaq. |
11. | O çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq, Mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq, Onların şər əməllərinin yükünü üzərinə götürəcək. |
12. | Buna görə Mən ona böyük adamların arasında pay verəcəyəm. O, qəniməti güclülərlə böləcək. Çünki o, canını fəda etdi, Üsyankarlara tay tutuldu. Çox adamların günahını üzərinə götürdü, Üsyankarlardan ötrü yalvardı. |
← Isaiah (53/66) → |