| ← Isaiah (52/66) → |
| 1. | Qalx, qalx, ey Sion, qüdrətinə qurşan! Ey müqəddəs şəhər, ey Yerusəlim, Gözəl paltarlarını geyin! Çünki sünnətsizlər, murdarlar Sənin darvazalarından əsla keçməyəcək. |
| 2. | Üst-başındakı tozu çırp, Qalx, ey Yerusəlim, taxtına otur, Zənciri boynundan qır, Ey əsir aparılan Sion qızı! |
| 3. | Rəbb belə deyir: «Siz müftə satılmışdınız, Müftə də satın alınacaqsınız». |
| 4. | Xudavənd Rəbb belə deyir: «Xalqım qürbətdə yaşamaq üçün Əvvəllər Misirə enmişdi. Sonra Aşşurlular onlara boş yerə zülm etdi. |
| 5. | Xalqım nahaq yerə götürülüb aparıldı, İndi bundan Mənə nə qaldı?» Rəbb bəyan edir. Bu, Rəbbin sözüdür: «Onların başçıları ah-zar edir, Həmişə, gün boyu adım küfrlə çəkilir. |
| 6. | Buna görə xalqım Mənim adımı tanıyacaq, O gün “budur, Mənəm” deyənin Mən olduğunu başa düşəcək». |
| 7. | Sülh xəbəri gətirən, Dağları aşıb-gələn Müjdəçinin qədəmləri necə də gözəldir! O, xoş müjdə gətirir, Qurtuluş xəbəri verir, Sion xalqına «Allahınız hökm sürür!» bəyan edir. |
| 8. | Qulaq asın! Gözətçilər səslərini ucaldır, Birlikdə mədh oxuyur, Çünki Rəbbin Siona qayıdışını Öz gözləri ilə görür. |
| 9. | Ey Yerusəlim xarabalıqları, Şənlik edin, birlikdə mədh oxuyun, Çünki Rəbb xalqına təsəlli verdi, Yerusəlimi satın aldı. |
| 10. | Rəbb bütün millətlərin gözləri önündə Müqəddəs qolunu çırmaladı, Yer üzünün qurtaracağınadək hər yer Allahımızın gətirdiyi xilası görəcək. |
| 11. | Çəkilin, çəkilin, oradan çıxın, Murdar şeylərə toxunmayın, Oradan çıxıb təmizlənin, Ey Rəbbin əşyalarını daşıyanlar! |
| 12. | Axı siz tələsmədən çıxacaqsınız, Qaça-qaça getməyəcəksiniz, Çünki Rəbb qarşınızda gedəcək, İsrailin Allahı arxanızda olacaq. |
| 13. | Budur, Mənim qulum uğur qazanacaq, O yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək. |
| 14. | Çoxları onun qarşısında mat qalacaq. Bəli, onun görkəmi çox dəyişmişdi, Zahirən insan surətindən çıxmışdı. |
| 15. | Lakin o, çox millətləri heyrətə salacaq, Onun qarşısında padşahlar ağzını yumacaq, Çünki onlar bilmədiklərini görəcək, Eşitmədiklərini anlayacaq. |
| ← Isaiah (52/66) → |