← Isaiah (48/66) → |
1. | Ey Yaqub nəsli, İsrail adı ilə çağırılan, Yəhudanın belindən gələn, Rəbbin adı ilə and içən, İsrail Allahının adını etiraf edən, Fəqət buna həqiqətlə və salehliklə əməl etməyən nəsil, Buna qulaq as! |
2. | Müqəddəs şəhərdən olduğunuza görə, İsrail Allahına bel bağladığınıza görə fəxr edirsiniz. Onun adı Ordular Rəbbidir. |
3. | Olub-keçənləri əvvəldən Mən bəyan etdim. Bu sözlər ağzımdan çıxdı və onları Mən bildirdim. Sonra qəflətən bunları həyata keçirdim və onlar yerinə yetdi. |
4. | Bilirdim inadkar olduğunuzu, Dəmir boyunlusunuz, tunc alınlısınız. |
5. | Bunları sizə qədimdən bəri bildirdim, Baş verməmişdən əvvəl sizə xəbər verdim ki, Siz “bunu bütüm etdi, oyma və tökmə bütlər Bunları əmr etdilər” deməyəsiniz. |
6. | Bunu eşitdiniz, indi isə hamısına nəzər salın. Bəs bunu qəbul etməyəcəksiniz? İndi isə Mən sizə yeni şeyləri, Bilmədiyiniz gizli şeyləri bildirəcəyəm. |
7. | Bunlar indi yaradılır, keçmişdə yox. Siz bunu bu günə qədər bilmədiniz, Ona görə “bunu bilirdik” deyə bilməzsiniz. |
8. | Siz bu barədə nə eşitmisiniz, Nə də xəbəriniz olub, Keçmişdən bəri qulaqlarınız bağlıdır. Nə qədər xain olduğunuzu bilirəm, Ana bətnindən belə, sizin üsyankar çağırılacağınızdan xəbərdaram. |
9. | Adım naminə qəzəbimi saxlayırdım, Şöhrətim naminə qeyzimin qabağını alırdım ki, sizi məhv etməyim. |
10. | Budur, Mən sizi gümüş kimi olmasa da, təmizlədim, Sizi iztirab ocağında çəkdim. |
11. | Öz xatirimə, Öz xatirimə bunu edirəm. Axı niyə Mənim adım küfrlə çəkilsin? Mən Öz izzətimi heç kimə vermərəm. |
12. | Qulaq as Mənə, ey Yaqub nəsli, çağırdığım İsrail! Mən Oyam, Mən birinciyəm, Mən sonuncuyam. |
13. | Mənim əlim yerin təməlini qoydu, Sağ əlim göyləri sərdi. Mən onları çağıranda onlar birlikdə düzülür. |
14. | Hamınız toplaşın, dinləyin! Bütlərdən hansıdır bu şeyləri bəyan edən? Rəbbin sevdiyi adam Babildə Onun məqsədini yerinə yetirəcək, Onun əli Xaldeylilərə qarşı qalxacaq. |
15. | Mən, bəli Mən dedim, Onu Mən çağırdım, Onu gətirdim, O öz yolunda uğurlu olacaq. |
16. | Mənə yaxın gəlin, bunu dinləyin! Başlanğıcdan bəri Mən açıq danışdım, O vaxtdan indiyədək oradayam. Xudavənd Rəbb indi Məni və Ruhunu göndərdi». |
17. | Səni Satınalan, Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm, Getdiyin lazım olan yolla səni aparıram. |
18. | Ah, kaş ki sən Mənim əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın heç vaxt qurumayan çay kimi axardı, Salehliyin dəniz dalğaları kimi olardı. |
19. | Nəslin dəniz qumu kimi, Övladların qum dənələri kimi olardı. Adları qarşımda nə pozulardı, nə də silinərdi». |
20. | Babildən çıxın, Xaldeylilərin torpağından qaçın, Sevinc səsi ilə bəyan edin, bunu bildirin, Dünyanın ən uzaq yerlərinə bu xəbəri çatdırın, Deyin: «Rəbb qulu Yaqub nəslini satın aldı». |
21. | Səhradan keçərkən susuzluq çəkmədilər. Rəbb onlar üçün qayadan su axıtdı, Qayanı yardı və oradan su fışqırdı. |
22. | «Pislərə isə sülh yoxdur» Rəbb deyir. |
← Isaiah (48/66) → |