| ← Isaiah (47/66) → |
| 1. | Ey bakirə Babil qızı, Düş aşağı, torpaqda otur. Ey Xaldey qızı, Artıq taxt yoxdur, yerdə otur. Bundan sonra sənə “Zərif, nazlı” deməyəcəklər. |
| 2. | Bir cüt dəyirman daşı götür, unu üyüt. Örpəyini aç, balağını qaldır, Baldırların açıb çaylardan keç. |
| 3. | Çılpaqlığın açılacaq, ayıb yerin görünəcək. Mən intiqam alacağam, Heç kimi əsirgəməyəcəyəm». |
| 4. | Bizi Satınalan İsrailin Müqəddəsidir, Onun adı Ordular Rəbbidir. |
| 5. | Rəbb deyir: «Ey Xaldey qızı, Qaranlığa çəkil, sakitcə otur! Çünki bundan sonra səni daha Padşahlıqların mələkəsi çağırmayacaqlar! |
| 6. | Öz xalqıma qəzəbləndim, İrsimi kiçildib sənə verdim. Lakin sən onların halına acımadın, Hətta yaşlılara da ağır boyunduruq yüklədin. |
| 7. | “Həmişə əbədi mələkə olacağam” deyə düşünürdün. Bunları ürəyinə gətirmirdin, sonu düşünmürdün. |
| 8. | İndi isə qulaq as, ey əmin-amanlıqda yaşayan zövq düşkünü! Sən ürəyində deyirdin: “Mən mənəm, Məndən başqası yoxdur. Heç vaxt dul qalmayacağam, Övlad itirmək dərdini bilməyəcəyəm”. |
| 9. | Bu iki bəla bir gündə, Qəflətən başına gələcək. Böyük cadugərliyinə, hədsiz ovsunçuluq etdiyinə baxmayaraq, Həm övladlarını itirəcək, həm də dul qalacaqsan. |
| 10. | Pisliyinə güvəndin, Dedin: “Məni heç kim görmür”. Sənin hikmətin və biliyin səni azdırdı. Düşündün: “Mən mənəm, Məndən başqası yoxdur”. |
| 11. | Lakin üzərinə bəla gələcək, Sən onun qarşısını ala bilməyəcəksən, Sən xərac versən də, bu fəlakət üstünə gələcək, Bilmədiyin bəla qəflətən üzərinə düşəcək. |
| 12. | Gənc yaşlarından bəri Məşğul olduğun ovsunçuluğuna və böyük cadugərliyinə davam et. Bəlkə onlardan bir xeyir görərsən, Bəlkə düşmənlərini onlarla vahiməyə sala bilərsən! |
| 13. | Aldığın çoxlu məsləhətlər səni üzdü. Qoy ulduz falına baxanlar, münəccimlər, Yeni ay çıxanda olacaq hadisələri bildirənlər İndi gəlib səni Başına gələn bəlalardan xilas etsinlər. |
| 14. | Bax, onlar küləş kimidir, Od onları yandırıb-yaxar. Özlərini alovun gücündən xilas edə bilməyəcəklər. Bu alov isinmək üçün kömürlü od deyil, Qabağında oturulacaq od deyil. |
| 15. | Sənin işlədiyin, cavanlığından bəri alver etdiyin adamların Aqibəti belə olacaq. Hər kəs öz yolu ilə gedəcək, səni xilas edən olmayacaq. |
| ← Isaiah (47/66) → |