← Isaiah (46/66) → |
1. | «Bel allahı diz çökdü, Nevo allahı əyildi, Babilin bütləri heyvanlara, öküzlərə yükləndi, Daşınan əşyalar heyvanlara ağır yük oldu. |
2. | Onlar birgə əyildilər, diz çökdülər, Yük oldular, bundan qurtula bilməyib əsirliyə aparıldılar. |
3. | Qulaq asın Mənə, ey Yaqub nəsli, Ey bütün İsrail nəslinin sağ qalanları! Anadan olandan sizi aparıram, Bətndən çıxandan sizi daşıyıram. |
4. | Siz qocalanacan Mən Oyam, Saçlarınıza dən düşənəcən Mən sizi aparacağam, Sizi Mən yaratdım, Mən daşıyacağam. Bəli, Mən sizi aparacağam və xilas edəcəyəm. |
5. | Məni kimə bənzədəcəksiniz, kimə oxşadacaqsınız, Kiminlə müqayisə edəcəksiniz ki, biz oxşar olaq? |
6. | Kimsə pul kisəsindən qızıl çıxarır, Tərəzidə gümüş çəkir, Bu puldan zərgərə büt düzəltdirir, Sonra önündə yerə sərilib səcdə edir! |
7. | Onu çiyinlərinə yükləyib daşıyırlar, yerinə qoyurlar. Beləcə büt durur, yerindən tərpənmir. Ona yalvarırlar, o cavab vermir, Heç bir bəladan qurtarmır. |
8. | Ey üsyankar insanlar, bunu xatırlayın, Mərd olun, yadınızdan çıxarmayın! |
9. | Qədimdən bəri olan hadisələri xatırlayın, Çünki Allah Mənəm, başqası yoxdur, Mənəm Allah, Mənə bənzəri yoxdur! |
10. | Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən bildirən, “Niyyətim baş tutacaq, İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm. |
11. | Şərqdən bir yırtıcı quşu, Uzaq diyardan niyyətimi yerinə yetirən adamı çağıran Mənəm. Mən bunları dedim, Mütləq yerinə yetirəcəyəm, Mən niyyət etmişəm, bunu icra edəcəyəm. |
12. | Ey salehlikdən uzaq olan dikbaş insanlar! Məni dinləyin! |
13. | Salehliyiniz yaxındır, uzaq deyil, Qurtuluşum ləngiməyəcək. Siona xilası, İsrailə izzətimi bəxş edəcəyəm. |
← Isaiah (46/66) → |