← Isaiah (45/66) → |
1. | Rəbb məsh etdiyi adama – Sağ əlindən tutduğu Kirə belə deyir. Onun önündə millətləri baş əydirəcəyəm, Padşahları qüdrətindən məhrum edəcəyəm, Önündə qapıları açacağam, Darvazalar onun qarşısında bir daha bağlanmayacaq. Rəbb deyir: |
2. | «Mən qarşında gedib dağları düzəngaha çevirəcəyəm, Tunc qapıları qırıb Dəmir qıfılları sındıracağam. |
3. | Qaranlıqda gizlənmiş sərvətlərini, Gizli yerlərdə saxlanılan xəzinələri sənə verəcəyəm ki, biləsən: Səni adınla çağıran Rəbb Mənəm, İsrailin Allahıyam Mən. |
4. | Qulum Yaqub nəsli, seçdiyim İsrail naminə Səni adınla çağırıb hörmət göstərdim, Halbuki sən Məni tanımırdın. |
5. | Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur. Səni Mən gücləndirəcəyəm, Halbuki Məni tanımırdın. |
6. | Beləliklə, gündoğandan günbatana qədər qoy bilsinlər ki, Məndən savayı heç kim yoxdur, Rəbb Mənəm, başqası yoxdur. |
7. | Nuru, qaranlığı, sülhü, fəlakəti yaradan Mənəm, Bütün bunları edən Rəbb Mənəm. |
8. | Ey göylər, yuxarıdan damlayın, Qoy buludlar salehlik yağdırsın, Torpaq açılsın, xilas bəhrəsini yetişdirsin, Onunla birlikdə salehlik bitsin. Bunları yaradan Rəbb Mənəm». |
9. | Yaradanı ilə çəkişənin vay halına! Çəkişən özü də saxsı qablar arasında yalnız saxsı parçasıdır. Gil öz dulusçusuna «Nə düzəldirsən?» Yaxud «yaratdığın şeyin dəstəkləri yoxdur» deyə bilərmi? |
10. | Atasına «Dünyaya məni nə üçün gətirdin?» Anasına «Məni nə üçün doğdun?» deyənin vay halına! |
11. | İsrailin Müqəddəsi, Onu yaradan Rəbb belə deyir: «Övladlarımın gələcəyi haqqında Mənə sual verə bilərsinizmi? Gördüklərim işlər barəsində Mənə əmr edə bilərsinizmi? |
12. | Dünyanı da, yer üzündə yaşayan adamı da Mən yaratdım. Mənim əllərim göyləri yaydı, Əmrimlə səma cisimləri quruldu. |
13. | Mən Kiri ədalətlə hərəkət etməyə vadar etdim. Yollarını dürüst edəcəyəm. O, şəhərimi tikəcək, Sürgün olunmuş adamlarımı Fidyəsiz, bəxşişsiz azad edəcək». Bunu Ordular Rəbbi deyir. |
14. | Rəbb belə deyir: «Misirlilərin var-dövləti, Kuşun ticarət gəliri, Ucaboylu Sevalılar yanınıza gəlib qulunuz olacaq. Onlar buxovlanacaq və ardınızca gedəcək, Qarşınızda yerə sərilib yalvaracaq: “Allah yalnız sizinlədir və başqa birisi yoxdur. Bundan savayı Allah yoxdur”». |
15. | Həqiqətən, Sən Özünü gizlədən Allahsan, Ey İsrailin Allahı, ey Qurtarıcı! |
16. | Büt düzəldənlərin hamısı utandırılacaq, Rüsvay olacaq, xəcalət çəkib uzaqlaşacaq. |
17. | Amma İsrailə qurtuluşu Rəbb verəcək. Bu qurtuluş əbədi sürəcək. Əsrlər boyu İsrail utanmayacaq, rüsvay olmayacaq. |
18. | Göyləri yaradan Rəbb bircə olan Allahdır! O, dünyanı yaratdı, ona quruluş verdi, Rəbb dünyanı qarmaqarışıq yaratmadı, Onu yaşamaq üçün qurdu. O deyir: «Mən Rəbbəm, başqası yoxdur! |
19. | Mən gizlində, qaranlıq dünyasında danışmadım, Yaqub nəslinə “Məni qarmaqarışıq yerdə axtarın” demədim. Doğrusunu söyləyən, ədaləti bəyan edən Rəbb Mənəm. |
20. | Yığışın, gəlin, bir yerə toplaşın, ey millətlərdən sağ qalan kəslər! Taxta bütləri gəzdirənlər, Xilas verməyən allahlara dua edənlər heç nə bilmir. |
21. | Danışın, işinizi təqdim edin, Qoy hamı birlikdə məsləhətləşib söyləsin: “Bunu qədimdə kim bəyan etdi, Keçmişdə kim bildirdi?” Bunu Mən Rəbb, demədimmi? Məndən başqa Allah, Ədalətli Allah və Qurtarıcı yoxdur. Məndən başqası yoxdur. |
22. | Ey yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar, Mənə tərəf dönün və xilas olun! Çünki Mən Allaham və başqası yoxdur! |
23. | Varlığıma and içdim, Ağzımdan çıxan kəlmə doğrudur, boşa çıxmaz. Hər diz önümdə çökəcək, Hər dil Mənə and içəcək. |
24. | Mənim üçün belə deyəcəklər: “Salehlik və qüvvət yalnız Rəbdədir. Ona qarşı qəzəblənənlər hüzuruna gəlib utanacaqlar. |
25. | Bütün İsrail nəsli Rəbdə haqq qazanacaq və izzətlənəcək”». |
← Isaiah (45/66) → |