| ← Isaiah (43/66) → |
| 1. | İndi isə, ey Yaqub, ey İsrail, səni yaradan, Sənə həyat verən Rəbb belə deyir: «Qorxma, çünki Mən səni satın aldım, Səni adınla çağırdım, sən Mənimsən. |
| 2. | Dərin sulardan keçsən belə, Mən səninlə olacağam, Çaylardan keçəndə batmayacaqsan, Odun içindən qaçsan belə, yanmayacaqsan, Alov səni məhv etməyəcək. |
| 3. | Çünki Mən sənin Allahın Rəbbəm, İsrailin Müqəddəsiyəm, Sənin Xilaskarınam. Misiri sənin üçün fidyə, Kuş və Seva ölkələrini Sənin azadlığının əvəzinə verdim. |
| 4. | Sən nəzərimdə qiymətli, çox əziz olduğuna görə Səni sevdiyim üçün, Sənin əvəzinə adamları, həyatın üçün ümmətləri verəcəyəm. |
| 5. | Qorxma, Mən səninləyəm, Nəslindən olanları şərqdən gətirəcəyəm, Səni qərbdən toplayacağam. |
| 6. | Şimala “ver” deyəcəyəm, Cənuba “saxlama” söyləyəcəyəm. Oğullarımı uzaqlardan, Qızlarımı dünyanın ucqar yerlərindən gətir. |
| 7. | Mənim adımla çağırılan hər insanı, İzzətim üçün yaratdığım, Bəli, həyat verdiyim, Yaratdığım hər bir adamı gətir». |
| 8. | Gözləri olan kor, Qulaqları olan kar xalqı gətir. |
| 9. | Bütün millətlər bir yerə yığılsın, Ümmətlər toplansın. Bunlardan kim bu sözü bəyan edər? Olub-keçənləri bizə bildirər? Qoy onların şahidləri irəli gəlib bəraət qazansın, Dinləyib desin: «Bu düzdür». |
| 10. | Rəbb bəyan edir: «Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım, Belə ki Məni tanıyıb, Mənə arxalanasınız, Mənim O olduğumu anlayasınız. Məndən əvvəl Allah mövcud olmayıb, Məndən sonra da olmayacaq. |
| 11. | Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur. |
| 12. | Mən dedim və Mən qurtardım, Mən bəyan etdim, Aranızda başqa allahlar yox idi. Sizsiniz şahidlərim». Rəbb bəyan edir, «Allah Mənəm. |
| 13. | Əzəldən bəri Mən Oyam, Mənim əlimdən qurtaran yoxdur. Mən bir şey edəndə buna kim mane ola bilər?» |
| 14. | Sizi Satınalan, İsrailin Müqəddəsi, Rəbb belə deyir: «Sizin xatirinizə Babilə ordu göndərəcəyəm. Onların hamısını qaçqın edəcəyəm, Xaldeylilər də öyündükləri gəmilərlə qaçacaq. |
| 15. | Mən Rəbbəm, sizin Müqəddəsinizəm, İsraili yaradanam, Padşahınızam». |
| 16. | Dənizdə və azğın sularda yol, riz açan, |
| 17. | Atlarla döyüş arabalarını, İgid cəngavərləri ilə ordunu birgə yola çıxaran Rəbb belə deyir: «Onlar yıxılıb, qalxa bilməyəcək, Basdırılıb piltə kimi söndürüldü. |
| 18. | Əvvəlki şeyləri yada salmayın, Köhnə hadisələr barəsində düşünməyin. |
| 19. | Budur, Mən təzə bir şey edirəm, O artıq baş verir, Məgər siz bunu başa düşmürsünüz? Bəli, Mən çöllükdə yol salacağam, Quru torpaqda çaylar yaradacağam. |
| 20. | Mənim seçdiyim xalqıma su içirtmək üçün Çöllükdə su verdiyimə görə, Quru torpaqda çaylar yaratdığıma görə, Vəhşi heyvanlar, çaqqallar və dəvəquşuları Məni ucaldacaq. |
| 21. | Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin. |
| 22. | Lakin sən, ey Yaqub nəsli, Mənim adımı çağırmadın, Ey İsrail, Məndən bezdin. |
| 23. | Yandırma qurbanı üçün Mənə quzular gətirmədin, Qurbanlarınla Mənə ehtiram etmədin. Sənə təqdimlərə görə əziyyət vermədim, Kündür təqdimləri ilə bezdirmədim. |
| 24. | Mənim üçün pulla ətirli qamış almadın, Qurbanların piyi ilə Məni doydurmadın. Əksinə, sən günahlarını Mənə yüklədin, Təqsirlərinlə Məni yordun. |
| 25. | Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını da yada salmaram. |
| 26. | Yadıma sal, gəl mühakiməyə gedək, Bəraət qazanmaq üçün məhkəmədə işindən danış. |
| 27. | İlk əcdadların günaha batdı, Rəhbərlərin Mənə qarşı üsyankar oldu. |
| 28. | Buna görə də Mən İbadətgahın rəhbərlərini murdarlığa vadar etdim. Yaqub nəslini qırğına, İsraili isə rəzalətə məhkum etdim. |
| ← Isaiah (43/66) → |