← Isaiah (42/66) → |
1. | Budur, Mənim saxladığım, seçdiyim qulum! Könlüm ondan razıdır! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək. |
2. | Çığırmayacaq, səsini qaldırmayacaq, Küçələrdə heç kim onun səsini eşitməyəcək. |
3. | Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq. |
4. | O, yer üzündə ədaləti quranadək Ümidini, cəsarətini itirməyəcək, Uzaq diyarlar onun qanununa etibar edəcək. |
5. | Göyləri yaradıb onları sərən, Yeri və onun üzərindəkiləri düzəldən, Dünyadakı adamlara nəfəs verən, Yer üzündə gəzən insanlara ruh verən Rəbb Allah belə deyir: |
6. | «Mən Rəbb salehliyimlə səni çağırdım, Səni əlindən tutacağam, Səni qoruyacağam, Səni xalqım üçün əhd edəcəyəm, Millətlərə nur edəcəyəm ki, |
7. | Korların gözlərini açasan, Zindandan dustaqları, Zülmətdə, həbsxanada oturanları azad edəsən. |
8. | Mən Rəbbəm, adım budur. Öz izzətimi heç kimə vermərəm, Həmdlərimi bütlərə bəxş etmərəm. |
9. | Budur, əvvəlki işlər həyata keçdi, İndi Mən təzə işləri bəyan edirəm, Onlar yetişməmişdən əvvəl Sizi xəbərdar edirəm». |
10. | Ey dəniz səyyahları, dənizdəki canlılar, Uzaq diyarlar və orada yaşayanlar, Rəbbə yeni ilahi oxuyun! Dünyanın ən ucqar yerlərindən Ona həmdlər gətirin! |
11. | Qoy səhra və oradakı şəhərlər, Qedar xalqı yaşayan kəndlər səsini ucaltsın, Sela sakinləri tərənnüm nəğməsi söyləsin, Dağların zirvəsindən qışqırsın. |
12. | Hamı Rəbbi izzətləndirsin, Uzaq diyarlar da Ona həmd etsin. |
13. | Rəbb cəsur igid kimi çıxacaq, Cəngavər kimi qeyrətə gələcək, Çığırıb döyüş nərəsi çəkəcək, Düşmənlərinə Öz qüdrətini göstərəcək. |
14. | Rəbb deyir: «Xeyli vaxtdır ki, dinmirəm, Susuram, səbir edirəm, İndi isə doğuş ağrısı çəkən qadın kimi Qışqıracağam, təngnəfəs olub zarıyacağam. |
15. | Dağları, təpələri dağıdacağam, Bütün yaşıllıqlarını qurudacağam, Çayları adalara çevirəcəyəm, hovuzları qurudacağam. |
16. | Korları tanımadıqları yolla aparacağam, Onlara bilmədikləri yollarda rəhbər olacağam. Qaranlığı qarşılarında işığa, Kələ-kötür yolları düzənliyə çevirəcəyəm. Bu şeyləri onlar üçün edəcəyəm, Onları tərk etməyəcəyəm. |
17. | Oyma bütlərə güvənənlər, Tökmə bütlərə “Sizsiniz allahlarımız” deyənlər Geri qaytarılıb utandırılacaq. |
18. | Ey karlar, eşidin! Ey korlar, baxın, görün! |
19. | Qulum qədər kor olan varmı? Göndərdiyim qasid qədər kar olan varmı? Özünü Mənə həsr edən, Rəbbin qulu qədər kor olan varmı? |
20. | Siz çox şey gördünüz, amma nəzərə almadınız, Qulaqlarınız açıq idi, amma eşitmədiniz!» |
21. | Rəbb Öz salehliyi naminə Qanununu ucaldıb izzətləndirməkdən xoşlandı. |
22. | Lakin bu qarət olunmuş, soyulmuş xalqdır. Hamısı qazamatlarda buxovlanıb zindanlarda saxlanılmışdır. Onlar ovlanıb və qurtaranları yoxdur. Onları qarət edirlər, «geri qaytarın» deyən yoxdur. |
23. | Sizdən kim buna qulaq asacaq, Gələcəkdə kim diqqətlə dinləyəcək? |
24. | Yaqub nəslini, İsraili soyğunçular əlinə Kim qarət edilmək üçün təslim etdi? Məgər qarşısında günah işlətdiyimiz Rəbb deyilmi? Onlar Onun yolları ilə getmək istəmədi, Qanununa qulaq asmadı. |
25. | Buna görə alovlu qəzəbini, döyüşün şiddətini üstlərinə yağdırdı. Od onları dövrəyə aldı, Amma onlar anlamadılar, Onları yandırdı, Amma ona ciddi fikir vermədilər. |
← Isaiah (42/66) → |