| ← Isaiah (40/66) → |
| 1. | Allahınız deyir: «Təsəlli verin xalqıma, təsəlli verin! |
| 2. | Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin! Əsirlik dövrünün qurtarmasını, Təqsirlərinin əvəzinin verilməsini, Bütün günahlarına görə Rəbbin əlindən İkiqat cəza aldıqlarını onlara bəyan edin». |
| 3. | Nida edənin səsi gəlir: «Səhrada Rəbbin yolunu hazırlayın, Çöldə Allahımızın keçəcəyi yerləri hamar edin. |
| 4. | Hər dərə yüksəldiləcək, Hər dağ və təpə aşağı endiriləcək, Yoldakı əyriliklər düzələcək, Kələ-kötür yerlər hamar ediləcək. |
| 5. | Rəbbin əzəməti aşkar olunacaq, Bütün bəşər bunu birlikdə görəcək». Bu sözlər Rəbbin ağzından çıxıb. |
| 6. | Səs deyir: «Bəyan et!» «Nəyi bəyan edim?» deyə soruşdum. «Bütün bəşər ota bənzər, Onun bütün gözəlliyi çöl çiçəyi kimidir. |
| 7. | Rəbb nəfəsini üzərinə üfürəndə Ot quruyar, çiçək solar, Həqiqətən, bu xalq ota oxşar. |
| 8. | Ot quruyar, çiçək solar, Amma Allahımızın sözü əbədi qalar». |
| 9. | Ey Siona müjdə gətirən, yüksək dağa çıx! Ey Yerusəlimə xoş xəbər gətirən, Ucalt səsini, car çək, Qaldır səsini, qorxma. Yəhuda şəhərlərinə de: «Budur Allahınız!» |
| 10. | Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir, O, qüdrətlə hökm edəcək, Mükafatı Onunladır, Ənamı önündədir. |
| 11. | O Öz sürüsünü çoban kimi otaracaq, Quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, Sağmal heyvanların qayğısını çəkib otaracaq. |
| 12. | Kim dənizləri ovcu ilə, Göyləri qarışı ilə ölçüb? Yerin torpağını ölçü ilə, Dağları qapanla, Təpələri tərəzi ilə kim çəkib? |
| 13. | Rəbbin Ruhuna kim yol göstərdi? Ona kim məsləhətçi olub öyrətdi? |
| 14. | Ağıl öyrənmək üçün O kimdən məsləhət alıb? Ədalət yolunu kimdir ona göstərən? Kimdir Rəbbə bilik verən? Kimdir Ona dərrakə yolunu anladan? |
| 15. | Rəbb üçün millətlər vedrədə bir damla su kimidir, Tərəzidə toz zərrəsi kimi sayılar, Budur, adaları da toz kimi göyə sovurar. |
| 16. | Qurbanları yandırmaq üçün Livan meşəsi kifayət deyil, Yandırma qurbanlar üçün oradakı heyvanlar bəs deyil. |
| 17. | Rəbbin önündə bütün millətlər heçdir, Bu Onun önündə heçdən də az, boş sayılar. |
| 18. | Bəs onda Allahı kimə bənzədərsiniz? Onu nəyə oxşadarsınız? |
| 19. | Bütəmi? Onu usta tökür, Zərgər qızılla örtür, Gümüş zəncirlərlə bəzəyir. |
| 20. | Belə təqdimi gətirə bilməyən yoxsul adam Çürüməyən bir ağac seçər, Məharətli usta tapar ki, Yerindən tərpənməyən büt düzəltsin. |
| 21. | Məgər siz bilmirsiniz? Məgər eşitməmisiniz? Başlanğıcdan bəri bunu sizə bildirmədilərmi? Dünyanın təməli qoyulduqdan bəri bunu dərk etmədinizmi? |
| 22. | Rəbb göy qübbəsinin üstündə oturur, Yer üzündə yaşayanlar çəyirtkə kimidir. Göyləri tül pərdə kimi açır, Onları yaşamaq üçün çadır kimi qurur. |
| 23. | Rəbb padşahları heç edər, Dünya hökmdarlarını heçə endirər. |
| 24. | Onlar yenicə basdırılan, yenicə əkilən, Gövdələri yenicə kök salan ağaclara bənzəyər. Üzərlərindən Rəbbin küləyi əsəndə quruyarlar, Qasırğa onları saman çöpü kimi sovurar. |
| 25. | «Bəs Məni onda kimə bənzədərsiniz ki, Mən ona oxşayım?» Deyir Müqəddəs Olan. |
| 26. | Başınızı göylərə qaldırıb baxın: Bunları kim yaratdı? Rəbb göy cisimlərini sıraya düzüb çıxarar, Onların hamısını adları ilə çağırar. Bol qüvvəsinə, böyük qüdrətinə görə Onlardan heç biri əskik olmaz. |
| 27. | Ey Yaqub nəsli, ey İsrail! Nə üçün «Rəbb başıma gələnləri bilmir, Allahım mənim haqqıma diqqətsizlik edir?» Deyib gileylənirsən? |
| 28. | Məgər sən bilmirsən? Məgər eşitməmisən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür, Onun ağlı dərkedilməzdir. |
| 29. | O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar. |
| 30. | Hətta cavanlar yorular, taqətdən düşər, İgidlər əldən düşüb titrəyər. |
| 31. | Rəbbə ümid bağlayanlarsa Yeni qüvvət alar, Qanad açıb qartal kimi yüksəklərə uçar, Qaçanda taqətdən düşməzlər, Yol gedib yorulmazlar. |
| ← Isaiah (40/66) → |