| ← Isaiah (39/66) → |
| 1. | O zaman Babil padşahı Baladan oğlu Merodak-Baladan Xizqiyaya məktublar və hədiyyələr göndərdi, çünki Xizqiyanın xəstələndiyini və sağaldığını eşitmişdi. |
| 2. | Bunlar Xizqiyanı sevindirdi. O, xəzinəsində olan şeyləri – qızıl-gümüşü, ətriyyatı, qiymətli yağları, silah anbarındakı bütün əşyaları elçilərə göstərdi. Xizqiyanın sarayında və bütün torpağında onlara göstərmədiyi bir şey qalmadı. |
| 3. | Onda Yeşaya peyğəmbər padşah Xizqiyanın yanına gəlib, ona dedi: «Bu adamlar nə dedi? Onlar sənin yanına haradan gəldi?» Xizqiya dedi: «Uzaq bir ölkədən – Babildən gəldilər». |
| 4. | Yeşaya dedi: «Sənin sarayında nə gördülər?» Xizqiya dedi: «Sarayımda olan bütün şeyləri gördülər. Xəzinəmdə onlara göstərmədiyim bir şey qalmadı». |
| 5. | Onda Yeşaya Xizqiyaya dedi: «Ordular Rəbbinin sözünü dinlə: |
| 6. | “Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bu günə qədər yığdıqları şeylər Babilə aparılacaq, heç nə qalmayacaq” deyir Rəbb. |
| 7. | “Sənin nəslindən olan və səndən törəyən bəzi oğullarını götürüb aparacaqlar və onlar Babil padşahının sarayında hərəmağası olacaqlar”». |
| 8. | Xizqiya Yeşayaya dedi: «Söylədiyin Rəbbin sözü yaxşı sözdür». Sonra dedi: «Heç olmasa mənim dövrümdə sülh və əmin-amanlıq olacaq». |
| ← Isaiah (39/66) → |