| ← Isaiah (38/66) → |
| 1. | O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”». |
| 2. | Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi: |
| 3. | «Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı. |
| 4. | Sonra Rəbbin sözü Yeşayaya nazil oldu: |
| 5. | «Qayıt, Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. Bax sənin ömrünü on beş il artırıram. |
| 6. | Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam. Bu şəhəri qoruyacağam. |
| 7. | Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur: |
| 8. | batan günəşin Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəsi on dərəcə geri çəkiləcək”». Beləliklə, günəş enmə dərəcəsindən on dərəcə geri çəkildi. |
| 9. | Yəhuda padşahı Xizqiya xəstələnib şəfa tapdığından sonra bunu yazdı: |
| 10. | «Mən öz-özümə dedim: Ömrüm yarıya çatan zaman Ölülər diyarının qapısından keçməliyəm, Həyatımın qalan illərindən məhrum olmuşam. |
| 11. | Dedim, Rəbbi dirilər arasında, Bəli, Rəbbi bir daha görməyəcəyəm. Bu dünyada yaşayanlar kimi Artıq insan üzü görməyəcəyəm. |
| 12. | Evim çoban çadırı kimi dağıldı, Əlimdən alındı. Həyatım dəzgahda toxunan saplar kimi dövr edirdi, Ya Rəbb, bu dəzgahdan məni kəsdin. Bir günün içində əcəlimi çatdırdın. |
| 13. | Səhərə qədər ağrılardan çığırdım, Rəbb aslan tək bütün sümüklərimi qırır. Bir günün içində əcəlimi çatdırdın. |
| 14. | Qaranquş kimi, durna kimi çığırdım, Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm! |
| 15. | Nə deyim? Mənimlə danışan, bunu edən Rəbdir. Çəkdiyim əzablardan sonra qalan illərimi Sakit yaşayacağam. |
| 16. | Ya Xudavənd, adamları yaşadan Sənsən, Məni də Sən yaşadırsan. Məni yenə canlandıracaqsan, Yaşat məni! |
| 17. | Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu. Sən sevginlə canımı qəbirdən qurtardın, Bütün günahlarımı aradan götürdün. |
| 18. | Axı ölülər diyarı Sənə şükür etməz, Ölüm həmdlər söyləməz, Qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz. |
| 19. | Bu gün Sənə etdiyim kimi Dirilər, yalnız dirilər Sənə şükür edər. Atalar Sənin sədaqətini övladlarına tanıtdırır. |
| 20. | Rəbb mənə qurtuluş verdi, Ömrümüz boyu Rəbbin məbədində Səni simli alətlərlə, ilahilərlə mədh edərik». |
| 21. | Əvvəl Yeşaya demişdi: «Əncir kündəsi götürün, çibanın üstünə qoyun ki, padşah sağalsın». |
| 22. | Xizqiya dedi: «Rəbbin məbədinə qalxmağım üçün əlamət nədir?» |
| ← Isaiah (38/66) → |