← Isaiah (37/66) → |
1. | Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi. |
2. | O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi. |
3. | Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulma vaxtı çatıb, ancaq doğmağa güc yoxdur. |
4. | Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”». |
5. | Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə |
6. | Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma. |
7. | Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”». |
8. | Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi. |
9. | Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O bunu eşidəndə Xizqiyanın yanına qasidlər göndərib dedi: |
10. | «Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın. |
11. | Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi? |
12. | Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardılarmı? |
13. | Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”» |
14. | Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi. |
15. | Xizqiya Rəbbə dua edib dedi: |
16. | «Ey keruvlar üstündə əyləşən Ordular Rəbbi olan İsrailin Allahı! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan. |
17. | Ya Rəbb, qulağın eşitsin, gözün görsün. Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi bütün sözlərə qulaq as. |
18. | Ya Rəbb, doğrudur, Aşşur padşahları bütün ölkələri və onların torpaqlarını talan etdi, |
19. | allahlarını oda atıb məhv etdi. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdi. |
20. | Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsin ki, Rəbb yalnız Sənsən!» |
21. | Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrail Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə dua etdin”. |
22. | Onun haqqında Rəbbin söylədiyi söz budur: “Bakirə Sion qızı Sənə xor baxıb lağ edir, Yerusəlim qızı Sənin arxanca başını bulayır. |
23. | Kimi söyüb küfr etdin? Kimə qarşı səsini qaldırdın? Kimə lovğalıqla baxdın? İsrailin Müqəddəsinə! |
24. | Nökərlərinin vasitəsilə Rəbbi təhqir edib dedin: ‹Çoxlu döyüş arabalarımla Dağların zirvəsinə, Livanın ən uca yerlərinə çıxdım. Uca sidr ağaclarını, Gözəl şam ağaclarını kəsdim, Uzaq təpələrinə, Yaşıl meşələrinə çıxdım. |
25. | Quyu qazdım və sularını içdim, Misirin bütün çaylarını ayağımla qurutdum›. |
26. | Məgər eşitməmisən ki, Mən çoxdan bu işi hazırladım, Qədimdən bəri müəyyən etdiyimi İndi yerinə yetirirəm ki, Sən qalalı şəhərləri dağıdıb Viranəliyə çevirəsən. |
27. | Bu şəhərlərin sakinləri zəiflədi, Çaşqınlığa və xəcalətə düşdü. Yetişməmişdən əvvəl yandırılan Çöl otu, göyərti və damda bitən ot kimi oldu. |
28. | Sənin oturuşunu, Girişini-çıxışını, Mənə qarşı hiddətini bilirəm. |
29. | Mənə qarşı hiddətləndiyinə görə, Lovğalığın qulağıma çatdığına görə Halqamı burnuna və yüyənimi ağzına taxacağam, Səni gəldiyin yolla geri qaytaracağam. |
30. | Ancaq sənin üçün əlamət budur, ey Xizqiya! Bu il və gələn il özü yetişən barını, Üçüncü il isə taxıl zəmilərini, Üzüm bağları salıb onların bəhrəsini yeyin. |
31. | Yəhuda nəslindən qurtulub sağ qalanlar Yenə aşağıya doğru kök atacaq, Yuxarıya doğru bəhrə verəcək. |
32. | Çünki qalanlar Yerusəlimdən, Xilas olanlar Sion dağından çıxacaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək”. |
33. | Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir: “O bu şəhərə girməyəcək, Oraya ox atmayacaq, Qarşısına qalxanla çıxmayacaq, Qala önündə torpaq qalağı qurmayacaq. |
34. | Ancaq gəldiyi yolla geri qayıdacaq, Bu şəhərə girməyəcək” Rəbb bəyan edir. |
35. | “Mən bu şəhəri Özüm üçün, Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”». |
36. | O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb. |
37. | Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı. |
38. | O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek ilə Şareser onu qılıncla öldürdü və Urartu ölkəsinə qaçdı. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu. |
← Isaiah (37/66) → |