← Isaiah (36/66) → |
1. | Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı. |
2. | Aşşur padşahı baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Baş vəzir Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandı. |
3. | Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onun qabağına çıxdılar. |
4. | Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən? |
5. | Mən deyirəm ki, sən boş şeyə güvənirsən. Müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan? |
6. | Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir. |
7. | Bəlkə mənə ‹biz Allahımız Rəbbə güvənirik› söyləyəsən. Məgər bu o Allah deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı? O, Yəhudalılara və Yerusəlimlilərə də ‹yalnız qurbangahın önündə səcdə edin› demədimi? |
8. | İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm. |
9. | Görək, sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən. Sən hələ döyüş arabaları və süvarilər almaq üçün Misirə güvənirsən! |
10. | Məgər indi mən bu torpağı viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”». |
11. | Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük. Ancaq divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma». |
12. | Baş vəzir dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə, yoxsa divar üzərində oturan bu adamlara söyləyim? Axı onlar da sizinlə birgə nəcislərini yeyib, sidiklərini içəcəklər». |
13. | Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin! |
14. | Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi qurtara bilməyəcək. |
15. | Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”. |
16. | Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək. |
17. | Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə – buğda, şərab, çörək, üzüm bağları olan bir torpağa aparacağam. |
18. | ‹Rəbb bizi qurtaracaq› deyib qoy Xizqiya sizi azdırmasın. Millətlərin allahlarından biri öz ölkəsini Aşşur padşahının əlindən qurtardımı? |
19. | Hanı Xamatın və Arpadın allahları? Hanı Sefarvayimin allahları? Samariyanı mənim əlimdən qurtardılarmı? |
20. | Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”» |
21. | Camaat susdu və onun cavabında heç nə demədi. Çünki padşah «ona cavab verməyin» deyə əmr etmişdi. |
22. | Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah cırılmış paltarlarda Xizqiyanın yanına gəlib baş vəzirin sözlərini ona çatdırdılar. |
← Isaiah (36/66) → |