← Isaiah (35/66) → |
1. | Səhra və quru torpaq sevinəcək, Çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək. |
2. | Hər yan gül açacaq, Şadlanacaq, sevincdən nəğmə oxuyacaq. Livanın gözəlliyi, şan-şöhrəti, Karmelin və Şaronun cah-calalı ona veriləcək. Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək. |
3. | Zəif əllərə qüvvət verin, Əsən dizləri möhkəmləndirin. |
4. | Ürəklərində qorxanlara deyin: «Möhkəm olun, qorxmayın! Budur, Allahınız İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!» |
5. | O vaxt korların gözləri, karların qulaqları açılacaq, |
6. | Axsaqlar ceyran kimi hoppanacaq, Lalların dili sevinclə nəğmə deyəcək, Çünki səhrada bulaqlar fışqıracaq, Quru torpaqda çaylar axacaq. |
7. | Qızğın qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək. Çaqqalların yaşadığı yerlərdə qamış və qarğı bitəcək. |
8. | Orada bir yol olacaq, O yol «Müqəddəs yol» adlanacaq. Murdar adam oradan keçməyəcək, O yol qurtuluş tapanların yoludur. Ora ilə gedənlərdən heç biri, Hətta ağılsızlar da keçsələr, Əsla yolunu azmayacaq. |
9. | Orada şirlər olmayacaq, Yırtıcı heyvanlar o yola çıxmayacaq, Onlara orada rast gəlməyəcəklər. Ancaq qurtuluş tapanlar o yol ilə gəzəcək. |
10. | Rəbbin satın alınmış adamları qayıdacaq, Sevinclə nəğmə deyərək Siona gələcək. Üzlərində əbədi sevinc olacaq, Onlar fərəh və şadlıq tapacaq, Kədər və qəm-qüssə yox olacaq! |
← Isaiah (35/66) → |