| ← Isaiah (34/66) → |
| 1. | Ey millətlər, yaxın gəlin, eşidin, Ey ümmətlər, dinləyin! Ey dünya və sakinləri, Yer üzü və onun bütün yetirmələri, qulaq asın! |
| 2. | Çünki Rəbb bütün millətlərə qarşı qəzəbləndi, Onların ordularına qarşı qeyzə gəldi. Onların hamısını məhv edəcək, Ölümə məhkum edəcək. |
| 3. | Ölüləri kənara atılacaq, Meyitlərindən üfunət qalxacaq, Dağlar onların qanına bulanacaq. |
| 4. | Bütün göy cisimləri çürüyəcək, Göylər bir tumar kimi büküləcək. Göy ulduzları meynə yarpağı kimi, Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq. |
| 5. | Rəbb deyir: «Çünki qılıncım göylərdə doyub, Bax Edomun üzərinə, Məhv etməyə qərar verdiyim xalqın üzərinə enir». |
| 6. | Rəbbin qılıncı qanla, quzu və təkə qanı ilə doydu, Qoç böyrəklərinin yağı ilə piy bağladı. Çünki Rəbb Bosrada qurban, Edomda isə böyük qırğın hazırlayıb. |
| 7. | Onlarla birlikdə çöl öküzləri, Buzovlar, güclü buğalar yerə səriləcək. Onların ölkəsi qanla dolacaq, torpaqları piylə münbit olacaq. |
| 8. | Çünki Rəbbin qisas günü var, Siona edilən zülmlərin intiqam ili var. |
| 9. | Edomun axar suları qatrana, Torpağı kükürdə dönəcək, Ölkənin hər tərəfi yanan qatrana çevriləcək; |
| 10. | Gecə-gündüz sönməyəcək, tüstüsü həmişə qalxacaq, Nəsildən-nəslədək viran qalacaq, Əsrlər boyu oradan heç kəs keçməyəcək. |
| 11. | Orada ancaq bayquşlarla kirpilər yurd salacaq, Böyük bayquşlarla qarğalar orada yaşayacaq. Rəbb oranı qarmaqarışıqlıq ipi, viranəlik şaqulu ilə ölçəcək. |
| 12. | Orada heç bir adlı-sanlı adam qalmayacaq ki, Onu padşah elan etsinlər. Bütün başçıların sonu gələcək. |
| 13. | Saraylarında tikanlar, Qalalarında gicitkən və böyürtkən bitəcək. Ora çaqqalların yurdu, dəvəquşuların yuvası olacaq. |
| 14. | Vəhşi heyvanlarla goreşənlər orada görüşəcək, Təkələr bir-birini səsləyəcək, Gecə heyvanları da orada məskunlaşıb rahat yer tapacaq. |
| 15. | Orada bayquş yuva quracaq, yumurtlayacaq, Öz kölgəsi altında balalar çıxaracaq. Çalağanlar da orada cüt-cüt yığışacaq. |
| 16. | Rəbbin kitabını araşdırın, oxuyun, Bunlardan heç biri əskik olmayacaq, Hər bir dişi heyvan öz cütünü tapacaq, Çünki bu əmr Onun ağzından çıxdı, Ruhu da onları toplayacaq. |
| 17. | Rəbb Özü onlar üçün püşk atdı, Əli ilə ölkəni ölçüb, onlara payladı. Onlar bu ölkəyə əbədi malik olacaq, Nəsildən-nəslə burada yaşayacaq. |
| ← Isaiah (34/66) → |