← Isaiah (33/66) → |
1. | Vay halına, ey yıxıb-dağıdan, Amma özü yıxılmayan insan! Vay halına, ey xain adam, Hərçənd sənə qarşı xəyanət etməmişlər! Sən məhv edib qurtaran zaman Özün də yıxılacaqsan, Sən xain əməllərindən dönəndə Xəyanətlə rastlaşacaqsan. |
2. | Ya Rəbb, bizə qarşı lütfkar ol, Çünki Sənə ümid etmişik. Hər səhər bizim qüvvətimiz ol, Fəlakət günündə bizi qurtar. |
3. | Sənin qüdrətli səsindən xalqlar qaçır, Sən ayağa qalxarkən Millətlər pərən-pərən olur. |
4. | Çəyirtkələr tarlanı nə cür talan edirlərsə, Ey millətlər, qənimətiniz də o cür talan olacaq. Malınızın üstünə çəyirtkə yığını kimi cumacaqlar. |
5. | Rəbb ucadır, yüksəklərdə oturur, Sionu ədalətlə və salehliklə doldurur. |
6. | O, yaşadığınız dövrün təməlidir, Qurtuluşun, hikmətin, biliyin mənbəyidir, Rəbb qorxusu sənin xəzinəndir. |
7. | Budur, millətlərin igidləri küçələrdə çığırırlar. Sülh qasidləri hönkürüb ağlayırlar. |
8. | Yollar boşalıb, səyyahlar yoxdur. Düşmən əhdi pozdu, Şəhərləri dağıtdı, adamları alçaltdı. |
9. | Ölkə yas tutur, zəifləyir, Livan məğlub olub, solub, Şaron səhraya dönür, Başan və Karmelin ağacları yarpaqlarını tökür. |
10. | Rəbb deyir: «İndi qalxacağam, İndi yüksələcəyəm, İndi ucalacağam. |
11. | Samana hamilə qalıb küləş doğacaqsınız, Nəfəsiniz sizi məhv edən alova dönəcək. |
12. | Xalqlar yanıb kül olacaq, Kəsilib odda yandırılan tikanlı kollara oxşayacaq. |
13. | Ey uzaqda yaşayanlar, Nə elədiyimi eşidin, Ey yaxında yaşayanlar, Mənim gücümü bilin». |
14. | Siondakı günahkarlar dəhşətə, Allahsızlar lərzəyə gəldi: «Hər şeyi məhv edən alovun yanında hansımız yaşaya bilərik? Əbədi yanan atəşin yanında hansımız dayana bilərik?» |
15. | Amma salehlik yolu ilə gedən, Doğru sözlər danışan, Zorakılıqla əldə edilən qazancı rədd edən, Əlini rüşvətdən uzaq tutan, Qatillərin qurduğu qəsdə fikir verməyən, Pisliyə qarşı gözlərini yuman |
16. | Yüksəkliklərdə yaşayacaq, Təpələrin başındakı qalalar onun dayağı olacaq. O, çörəklə, su ilə təmin olunacaq. |
17. | Gözlərin padşahı bütün gözəlliyi ilə görəcək, Ucsuz-bucaqsız ölkəni seyr edəcək. |
18. | «Haradadır xərac yığan? Haradadır qeydiyyat aparan? Haradadır qüllələrə nəzər salan?» deyərək Dəhşətli günlər haqqında düşünəcəksən. |
19. | Anlaşılmaz, yad dildə danışan Təkəbbürlü xalqı daha görməyəcəksən. |
20. | Bayramlar keçirdiyimiz şəhərə – Siona bax! Gözlərin Yerusəlimi, Sarsılmaz çadırı, sülh məskənini görəcək. Onun payaları heç vaxt sökülməyəcək, Kəndirlərinin heç biri qırılmayacaq. |
21. | Lakin orada – Geniş çayların, irmaqların olduğu yerdə Əzəmətli Rəbb bizimlə olacaq. Oradan avarlı qayıqlar, böyük gəmilər Keçə bilməz. |
22. | Çünki Rəbdir hakim olan, Rəbdir qanunumuzu qoyan, Padşahımız Rəbdir, Odur bizi qurtaran. |
23. | Gəmilərinin ipləri boşaldı, Dor ağacları yerində möhkəm dayanmadı, Yelkənləri açılmadı. O vaxt böyük talan malı paylanacaq, Hətta topal adamlar da talan edəcək. |
24. | Heç bir Sion sakini «Xəstəyəm» deməyəcək, Orada yaşayan xalqın günahları bağışlanacaq. |
← Isaiah (33/66) → |