| ← Isaiah (32/66) → |
| 1. | Budur, padşah salehliklə hökm sürəcək, Başçılar ədalətlə rəhbərlik edəcək. |
| 2. | Onların hər biri Küləyə qarşı bir pənahgah, Fırtınaya qarşı sığınacaq, Quraqlıqda bulaqlar, Cansıxıcı torpaqda kölgə salan böyük qaya kimi olacaq. |
| 3. | Görənlərin gözləri bir daha yumulmayacaq, Eşidənlərin qulaqları dinləyəcək. |
| 4. | Ağılsızların ağlı biliyə doğru yönələcək, Pəltəklər açıq-aydın danışacaq. |
| 5. | Artıq axmaq adama alicənab deyilməyəcək, Alçağı ağayana insan saymayacaqlar. |
| 6. | Çünki axmaq səfeh-səfeh danışır, Ürəyinin niyyəti pislik etməkdir. Onun işi küfr edib, Rəbbə qarşı təhqiranə danışmaq, Acları ac, susuzları susuz qoymaqdır. |
| 7. | Alçaq adamın əməlləri pisdir. O, hiylə işlədir ki, Yalan sözlərlə haqlı olan yoxsula ziyan versin. |
| 8. | Amma alicənab adam Alicənab şeylər barəsində fikirləşər. Elədiyi xoş əməllər ona dayaqdır. |
| 9. | Ey qayğısız qadınlar, Qalxın, səsimi eşidin! Ey laqeyd qızlar, sözümü dinləyin! |
| 10. | Ey laqeyd qadınlar, Siz bir ildən sonra sarsılacaqsınız, Çünki bağda məhsul, Meyvə yığımı olmayacaq. |
| 11. | Ey qayğısızlar, əsin! Ey laqeydlər, lərzəyə gəlin, Geyimlərinizi çıxarın, Soyunun, belinizə çul qurşayın. |
| 12. | Gözəl tarlalar, Məhsuldar meynələr üçün, |
| 13. | Xalqımın tikanlı kollar bitən torpağı üçün, Zövq-səfalı şəhərlərdəki şən evləriniz üçün Sinə döyün. |
| 14. | Çünki saray viranə, İzdihamlı şəhər boş qalacaq, Qala ilə gözətçi qülləsi Əbədilik mağaralara çevriləcək, Vəhşi eşşəklərin gəzdiyi, Sürülərin otlaq yeri olacaq. |
| 15. | Bunlar yuxarıdan üzərimizə Ruh tökülənədək davam edəcək. O vaxt səhra məhsuldar tarlaya, Məhsuldar tarla isə meşəyə dönəcək. |
| 16. | Sonra ədalət səhrada məskunlaşacaq, Salehlik məhsuldar tarlada yaşayacaq. |
| 17. | Salehliyin bəhrəsi əmin-amanlıq, Nəticəsi isə əbədi sakitlik və təhlükəsizlik olacaq. |
| 18. | Xalqım əmin-amanlıq içində evlərində, Təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq. |
| 19. | Dolu meşələrə düşsə də, Şəhər yerlə yeksan olsa da, |
| 20. | Bütün sulu torpaqlarda toxum əkənlər, Oraya malını, eşşəyini sərbəst buraxanlar, Siz nə xoşbəxtsiniz! |
| ← Isaiah (32/66) → |