← Isaiah (30/66) → |
1. | Rəbb bəyan edir: «Bu dikbaş övladların vay halına, Mənim niyyətlərimi yox, öz niyyətlərini qururlar, Ruhuma uyğun olmayan razılaşma edirlər, Eləcə günahı günaha qatırlar. |
2. | Məndən məsləhət almadan Misirə gedirlər, Fironun himayəsini axtarırlar, Misirin kölgəsi altında sığınacaq tapırlar. |
3. | Fəqət fironun himayəsi Onlar üçün xəcalətə, Misir kölgəsi altındakı Sığınacaq rüsvayçılığa çevriləcək. |
4. | Başçıları Soanda olduqlarına, Elçiləri Xanesə yetişdiklərinə baxmayaraq, |
5. | Özlərinə faydası olmayan xalqa görə hamı utanacaq. O xalqın onlara nə köməyi, nə də faydası olacaq, Ancaq xəcalət və rüsvayçılıq olacaq». |
6. | Negev heyvanları barəsində xəbərdarlıq: Yəhudanın elçiləri erkək və dişi aslanların, Gürzələrin, uçan ilanların yaşadığı Narahat və təhlükəli torpaqdan keçirlər. Mal-dövlətini eşşəklərin belinə, Xəzinələrini dəvələrin hürgücünə yükləyib Onlara kömək edə bilməyən xalq üçün aparırlar. |
7. | Misirin köməyi boş və faydasızdır, Buna görə də Mən Misirə «Tənbəl Rahav» adını qoydum. |
8. | «İndi get, sənə danışdığımı Onların qarşısında bir lövhəyə yaz, kitaba köçür ki, Gələcəkdə, əbədiyyətdə şahid olsun. |
9. | Çünki bu, üsyankar xalq, Yalançılar nəslidir, Rəbbin qanununa qulaq asmaq istəməyən bir soydur. |
10. | Onlar baxıcılara “bir daha görüntü görməyin”, Görücülərə “bizim üçün düzgün şeylər haqqında peyğəmbərlik etməyin, Bizə xoş sözlər söyləyin, Arzuladığımızı peyğəmbərlik edin. |
11. | Yoldan çəkilin, bizə yol verin, İsrailin Müqəddəsini bizimlə üzləşdirməyin” deyirlər». |
12. | Buna görə də İsrailin Müqəddəsi belə deyir: «Bu sözü rədd etdiyinizə görə, Zorakılığa və yalana güvənib bel bağladığınıza görə |
13. | Bu qəbahət sizin üçün hündür divarda əmələ gələn çata bənzəyir, Qəflətən, bir an içində dağıla bilər. |
14. | Ölkəniz də bir gil qab kimi qırılacaq, Elə xıncım-xıncım olacaq ki, Ocaqdan od götürmək üçün Yaxud hovuzdan su çəkmək üçün bir qırığı da qalmayacaq». |
15. | Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız, Sakitləşib inanmaqla qüdrətli olarsınız, Lakin siz bunu istəmirsiniz. |
16. | Siz dediniz: “Xeyr, atlara minib-qaçacağıq”, Buna görə siz qaçmalı olacaqsınız. “Çevik atlara minəcəyik”. Buna görə təqibçiləriniz də çevik olacaq. |
17. | Min nəfər bir nəfərin hədəsinə görə qaçacaq, Beş nəfərin hədəsinə görə hamınız qaçacaqsınız; Sağ qalanlarınız dağın zirvəsindəki bayrağın şüvülü tək, Təpədəki bayraq tək olacaq». |
18. | Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir, Yenə də sizə rəhm etməyə hazırdır, Çünki Rəbb adil Allahdır, Onu intizarla gözləyənlər nə bəxtiyardır! |
19. | Ey Yerusəlimdə yaşayanlar, ey Sion xalqı, Siz artıq ağlamayacaqsınız, Fəryad etdikdə Rəbb sizin üçün lütfkar olacaq, Fəryadınızı eşidən kimi cavab verəcək. |
20. | Rəbb çörəyi əzabla, suyu çətinliklə sizə verəcək, Lakin O bir daha Mürəbbinizi sizdən gizlətməyəcək, Onu gözünüzlə görəcəksiniz. |
21. | Sağa ya sola azdığınız vaxt Arxanızdan «Yol budur, gedin bu yolla» Deyilən səsi eşidəcəksiniz. |
22. | Onda siz gümüşlə örtülən oyma bütlərinizi, Qızılla örtülmüş tökmə bütlərinizi Murdar hesab edəcəksiniz. Murdar bir şeyi atdığınız kimi onları atıb deyəcəksiniz: «Rədd ol!» |
23. | Rəbb yerə əkdiyiniz toxum üçün yağış verəcək, Torpağın məhsulu bol və bərəkətli olacaq. O gün mal-qaranız geniş otlaqlarda otlayacaq. |
24. | Torpağı şumlayan öküzlərlə eşşəklər Kürəklə, yaba ilə sovrulmuş duzlu yem yeyəcək. |
25. | O böyük məğlubiyyət günündə Qalalar yerə çökəndə Hər hündür dağdan, Hər uca təpədən sellər axacaq. |
26. | Rəbb Öz xalqının yaralarını sarıdığı gün, Zərbəsi ilə açdığı yaralarına şəfa verən gün, Ay işığı günəş işığı, Günəşin işığı yeddi günün işığı kimi Yeddi qat artıq parlayacaq. |
27. | Budur, Rəbbin adı uzaqdan gəlir, Qızğın qeyzlə qara bulud içində Ağzı qəzəbli sözlərlə doludur, Dili sanki hər şeyi məhv edən alovdur. |
28. | Onun nəfəsi insan boğazına çatmış daşan sel kimidir, Millətləri ələkdən keçirəcək ki, məhv olsunlar, Xalqların ağzına yüyən taxacaq ki, yolunu azsınlar. |
29. | Siz isə müqəddəs bayram gecəsi kimi İlahilər oxuyacaqsınız. Rəbbin dağına, İsrailin Qayasına tütək çalaraq çıxan tək Ürəyiniz şadlanacaq. |
30. | Rəbb əzəmətli səsini eşitdirəcək, Qızğın qəzəblə, hər şeyi yandıran alovla, Fırtına ilə, güclü leysanla, dolu ilə Qolunun qüdrətini göstərəcək. |
31. | Aşşur Rəbbin səsindən vahiməyə gələcək, Rəbb dəyənəyi ilə onları vuracaq. |
32. | Rəbbin onlara endirdiyi dəyənəyinin hər zərbəsini Dəf və liralar müşayiət edəcək. Döyüşərkən əl-qol atıb onları vuracaq. |
33. | Tofet çoxdan hazırdır, Aşşur padşahı üçün də O yer dərinləşdirilib genişləndirilmişdir. Od çuxurunda çoxlu odun, alov var. Rəbbin nəfəsi kükürd axını kimi onu yandırar. |
← Isaiah (30/66) → |