← Isaiah (3/66) → |
1. | Budur, Sahibimiz, Ordular Rəbbi Yerusəlimdən və Yəhudadan hər bir yardımı, köməyi, Bütün çörək, su yardımını kəsəcək. |
2. | İgidlərlə cəngavərləri, Hakimlərlə peyğəmbərləri, Falçılarla ağsaqqalları, |
3. | Əllibaşılarla adlı-sanlı adamları, məsləhətçiləri, Mahir sehrbazlarla cadugərləri aradan qaldıracaq. |
4. | Uşaqları onların üzərinə başçı qoyacağam, Qoy körpələr onlara hökm etsin. |
5. | İnsan insanla, qonşu qonşusu ilə, Cavan yaşlı ilə, adi adam nüfuzlu insanla Həyasızcasına rəftar edəcək. |
6. | Ailədə qardaş qardaşa sarılıb deyəcək: «Sənin heç olmasa əyninə geyməyə paltarın var. Sən başçımız ol, Qoy bu xarabalıqlar sənin əlinin altında olsun!» |
7. | O vaxt bu adam uca səslə söyləyəcək: «Mən yaralarınızı sarımağı bacarmaram, Çünki evimdə nə yemək, nə də paltar var, Məni xalqın başçısı qoymayın». |
8. | Yerusəlim sarsıldı, Yəhuda dağıldı, Çünki sözləri və əməlləri Rəbbə qarşı oldu, Onun əzəmətli hüzuru kimsə tərəfindən sayılmadı. |
9. | Sifətlərinin ifadəsi onlara qarşı şəhadət edir, Günahları haqda Sodomdakı kimi açıq danışırlar, Bunu gizlətmirlər. Vay onların halına! Axı bu bəlanı başlarına özləri gətirdi. |
10. | Saleh adamlara söyləyin ki, Onlara yaxşılıq ediləcək, Çünki onlar xeyirxahlıqlarının bəhrəsini yeyəcək. |
11. | Pis adamların vay halına! Çünki onlara pislik olunacaq, Elədikləri əməlləri qarşılarına çıxacaq. |
12. | Uşaqlar xalqıma zülm edir, Qadınlar üzərimizdə hökm sürür! Ey xalqım, sənə yol göstərənlər Səni azdırır, yolunu dolaşdırırlar! |
13. | Rəbb məhkəməsini qurmaq üçün qalxır, Xalqları mühakimə etmək üçün durur. |
14. | Rəbb xalqının rəhbərlərini, Başçılarını məhkəməyə gətirir: «Sizsiniz üzüm bağını yeyib-dağıdan, Kasıbların malı ilə evlərinizi dolduran. |
15. | Nə haqla xalqıma zülm edib Yoxsullara əzab verirsiniz?» Bunu Ordular Rəbbi Xudavənd bəyan edir. |
16. | Rəbb deyir: Madam ki Sion qızları çox təkəbbürlüdür, Boylana-boylana gəzir, göz-qaş oynadır, Addımlarını asta-asta atırlar, Ayaqlarındakı xalxalları cingildədib yeriyirlər, |
17. | Buna görə də Xudavənd Sion qızlarının başlarına qotur salacaq. Ayıb yerlərini açıb göstərəcək. |
18. | O gün Xudavənd onların bəzəklərini – Topuqlara taxılan bilərziklərini, Araqçınlarını, aypara şəkilli boyunbağılarını, |
19. | Sırğalarını, qolbaqlarını, örpəklərini, |
20. | Tac şəkilli başlıqlarını, Bazubəndlərini, qurşaqlarını, Ətirlə dolu mücrülərini, Tilsimlənmiş bəzək əşyalarını, |
21. | Üzüklərini, burun halqalarını, |
22. | Bayram libaslarını, paltarlarını, Örtüklərini, əl çantalarını, |
23. | Güzgülərini, nəfis toxunmuş kətan libaslarını, Çalmalarını, duvaqlarını əllərindən alacaq; |
24. | O vaxt gözəl ətir yerinə üfunət, Kəmər əvəzinə ip, Lülə-lülə saç əvəzinə keçəl baş, Bəzəkli paltar əvəzinə çul bürüncək, Gözəllik əvəzinə dağlanma olacaq. |
25. | Kişiləriniz qılıncla, İgidləriniz döyüşdə məhv olacaq. |
26. | Yerusəlimin darvazaları Nalə çəkib yas tutacaq, Bu şəhərsə kimsəsiz qadın tək Quru yerdə oturacaq. |
← Isaiah (3/66) → |