← Isaiah (29/66) → |
1. | Ariel, ey Ariel, Davudun ordugah qurduğu şəhər! İli ilə qat, bayramların keçirilsin. |
2. | Amma Arielə əzab verəcəyəm, O, fəryad, fəğan edəcək, Mənim üçün qurbangah ocağı kimi olacaq. |
3. | Sənə qarşı ətrafında ordugah quracağam, Dövrəsinə istehkamlar düzəcəyəm, Sənə hücum etmək üçün qüllələr tikəcəyəm. |
4. | Alçaldılacaqsan, yerin altından danışacaqsan, Toz-torpaq içindən səsin boğuq gələcək, Səsin ölü səsi kimi yerdən, Sözlərin pıçıltı kimi torpağın altından çıxacaq. |
5. | Amma çoxlu düşmənlərin narın toz kimi, Qorxunc adamların orduları sovrulmuş saman çöpü kimi olacaq. Qəflətən bir an içində, |
6. | Ordular Rəbbi göy gurultusu ilə, zəlzələ ilə, Böyük səs-küylə, qasırğa və fırtına ilə, Hər şeyi məhv edən od ilə sənin yanına gələcək. |
7. | Sonra Arielə qarşı döyüşən bütün millətlərdən izdihamlar, Ona və qalalarına qarşı savaşanların hamısı, Ona zülm edənlər bir röya kimi, Gecə görünən yuxu kimi yox olacaq. |
8. | Yuxuda çörək yediyini görən ac adam Oyananda yenə acdır. Yuxuda su içdiyini görən susuz adam Oyananda yenə susuzluqdan yanır. Sion dağına qarşı döyüşən Bütün millətlərdən izdihamlar da belə olacaq. |
9. | Heyrətlənin və təəccüblənin, Gözünüzü kor edin, qoy görməsin. Şərab içmədən sərxoş olun, İçki içmədən səndələyin. |
10. | Çünki Rəbb sizi dərin yuxuya saldı. Ey peyğəmbərlər, gözlərinizi yumdu, Ey görücülər, sizi kor elədi. |
11. | Bütün bu görüntü sizin üçün möhürlənmiş kitabın sözlərinə bənzəyir. Oxumağı bacarana bunu verib desələr: «Rica edirəm, bunu oxu!» O isə cavab verir: «Oxuya bilmərəm, çünki möhürlüdür». |
12. | Kitabı oxuya bilməyənə verib desələr: «Bunu oxu, rica edirəm», o isə cavab verir: «Mən oxuya bilmirəm». |
13. | Xudavənd deyir: «Bu xalq Mənə yaxınlaşıb Dilləri və dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır. Onların Mənə səcdə etmələri İnsanlardan öyrəndikləri əmrlərdən gəlir. |
14. | Ona görə Mən bir də bu xalq üçün Yeni möcüzə, ecazkar şeylər edəcəyəm, Müdriklərinin müdrikliyi məhv olacaq, Aqillərinin ağlı yox olacaq». |
15. | Öz niyyətlərini Rəbdən gizlətməyə çalışanların vay halına! Qaranlıqda iş görən bu adamlar «Bizi kim görür, kim tanıyır?» deyirlər. |
16. | Bu nə cür ağılsız düşüncədir! Heç dulusçunu gil ilə bir tutmaq olarmı? Düzəldilən əşya onu düzəldən barədə «O məni düzəltmədi» deyərmi? Qab onu yaradan barədə «O heç nə anlamır» deyərmi? |
17. | Livan tezliklə məhsuldar tarlaya, Məhsuldar tarla isə meşəyə dönməyəcəkmi? |
18. | O gün karlar kitabdakı sözləri eşidəcək, Korların gözləri zülmət qaranlıqda görəcək. |
19. | Fəqirlər Rəbdə sevinc tapacaq, Yoxsullar İsrailin Müqəddəsində şadlanacaq. |
20. | Çünki zülmkarlar yox olacaq, Rişxəndçilər itib-batacaq. Pislik etməyə hazır olanlar məhv olacaq. |
21. | Onlar başqasına böhtan atanlar, Şəhər darvazasında hakimə tələ quranlardır, Haqlının haqqını nahaq yerə təhrif edənlərdir. |
22. | Buna görə də İbrahimi qurtaran Rəbb Yaqub nəslinə belə deyir: «Yaqub nəsli artıq utanmayacaq, Üzləri qorxudan saralmayacaq. |
23. | Əlimlə yaratdığım övladlarını Aralarında görəndə Adımı müqəddəs tutacaqlar, Yaqubun Müqəddəsini təqdis edəcəklər, İsrailin Allahından qorxacaqlar. |
24. | Yolunu azanlar anlayacaq, Gileylənənlər təlim öyrənəcək». |
← Isaiah (29/66) → |