← Isaiah (26/66) → |
1. | O gün Yəhuda diyarında belə ilahi oxunacaq: «Qüvvətli şəhərimiz var, Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir. |
2. | Açın şəhərin darvazalarını, Qoy sadiq qalan saleh millət içəri girsin. |
3. | Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən, Çünki onlar Sənə güvənir. |
4. | Rəbbə həmişə güvənin, Çünki Rəbb Allah əbədi Qayadır. |
5. | O, yuxarıdan gedənləri alçaldar, Onların yaşadığı şəhəri dağıdar, Yerlə yeksan edər. |
6. | O şəhər məzlumların ayaqları, Yoxsulların addımları altında tapdalanacaq. |
7. | Saleh adamın yolu düzdür. Ey Düz Olan, saleh adamın yolunu Sən düz edirsən. |
8. | Həqiqətən, ya Rəbb, Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq, Sənin adın, ismin ürəyimizin istəyidir. |
9. | Qəlbim gecələr Sənin üçün həsrət çəkər, Bəli, ruhum daxilimdə Səni arayar. Hökmlərin yer üzündə həyata keçdikcə Dünyanın sakinləri doğruluğu öyrənir. |
10. | Pis adama rəhm etsələr də, O, doğruluğu öyrənməz, Doğruluq hökm sürən ölkədə də haqsızlıq edər, Rəbbin əzəmətini görməz. |
11. | Ya Rəbb, əlini qaldırdın, Amma pis adamlar bunu görmür. Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar. Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək. |
12. | Ya Rəbb, bizə sülh verən Sənsən, Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən. |
13. | Ey Allahımız Rəbb, Səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü, Lakin biz yalnız Sənin adını tanıyırıq. |
14. | O ağalar öldü, artıq yaşamır, Onlar kölgə kimidir, dirilməyəcək, Çünki Sən onları cəzalandırıb məhv etdin, Onlar haqqında hər bir xatirəni yox etdin. |
15. | Lakin Sən bu milləti çoxaltdın, ya Rəbb! Bəli, milləti çoxaltdın, Özünü izzətləndirdin. Hər tərəfə ölkənin sərhədlərini genişləndirdin». |
16. | Ya Rəbb, onlar bəlaya düşəndə Səni axtardı. Sənin cəzan üzərlərində olanda Sənə dua edib yalvardı. |
17. | Hamilə qadın doğuş vaxtı gələndə Ağrı çəkib qovrularaq necə qışqırırsa, Biz də Sənin qarşında elə idik, ya Rəbb! |
18. | Biz də sanki hamilə idik, ağrı çəkirdik, Lakin küləkdən başqa bir şey doğmadıq. Nə dünyaya qurtuluş gətirə bildik, Nə də dünya sakinlərini həyata qovuşdurduq. |
19. | Sənin ölənlərin həyata qovuşacaq, meyitimlə birgə diriləcəklər. Ey torpaq altında yatanlar, oyanın, Sevinc nəğməsini oxuyun, Çünki şeh torpağı necə təravətləndirirsə, Rəbb də torpaqdakı ölüləri belə dirçəldəcək. |
20. | Ey xalqım, keç içəri otaqlara, Qapıları ört, Rəbbin qeyzi keçənəcən Qısa bir müddətə gizlən! |
21. | Çünki budur, Rəbb yer üzünün sakinlərini Qəbahətləri üzündən cəzalandırmaq üçün Öz məskənindən gəlir. Torpaq udduğu qanı üzə çıxaracaq, Öldürülənləri artıq gizlətməyəcək. |
← Isaiah (26/66) → |