| ← Isaiah (25/66) → |
| 1. | Ya Rəbb, Sən mənim Allahımsan, Səni ucaldıram, adına həmdlər oxuyuram. Çünki Sən qədimdən bəri möcüzələrini, niyyətlərini Sədaqətlə həyata keçirdin. |
| 2. | Çünki Sən şəhəri bir daş yığınına, İstehkamlı şəhəri xarabalığa döndərdin. O şəhər yadellilərin qalası idi, Ondan əsər-əlamət qalmadı, O bir daha bərpa olunmaz. |
| 3. | Buna görə qüvvətli xalqlar Səni izzətləndirəcək. Qəddar millətlərə mənsub şəhərlər Səndən qorxacaq. |
| 4. | Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir, |
| 5. | Quraqlıqda bürkü kimidir. Lakin Sən, ya Rəbb, Zülmkarların azğınlığını bulud bürkünün qarşısını alan kimi aldın, Amansız yağıların nəğmə səslərini kəsdin. |
| 6. | Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün Zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək, Orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq. |
| 7. | Bu dağda bütün xalqların üzərindəki duvağı, Bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək. |
| 8. | Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, Bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Çünki Rəbb belə söylədi. |
| 9. | O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə Sevinib şadlanaq!» |
| 10. | Rəbbin əli bu dağın üstündə olacaq, Amma Moav peyinliyə düşən saman kimi tapdaq altında qalacaq. |
| 11. | Üzgüçü üzərkən əl-qol atdığı kimi Moav peyinlikdə əl-qol atacaq, Amma Allah Moavın qürurunu əllərinin məharəti ilə alçaldacaq. |
| 12. | O, Moavın istehkamlarını, Yüksək divarlarını yerə endirəcək, Dağıdıb yerlə yeksan edəcək. |
| ← Isaiah (25/66) → |