| ← Isaiah (23/66) → |
| 1. | Sur barəsində xəbərdarlıq: Ey Tarşiş gəmiləri, fəryad edin, Çünki Sur şəhəri evləri ilə, limanları ilə birlikdə dağıldı, Kittim torpağından onlara xəbər gəldi. |
| 2. | Ey sahil sakinləri, dənizçilərin sayəsində varlanan Sidon tacirləri, susun! |
| 3. | Şixorun taxılı, Nilin məhsulu Dəniz yolundan gələn gəliriniz idi. Bütün şəhər millətlərin alver yeri idi! |
| 4. | Utan, ey Sidon, dəniz sahilində yerləşən qala! Çünki dəniz belə deyir: «Mən heç doğuş ağrısı çəkmədim, doğmadım, Nə oğlanlar yetişdirdim, nə də qızlar böyütdüm». |
| 5. | Sur haqqında xəbər Misirə çatanda Misirlilərin ürəkləri üzüləcək. |
| 6. | Ey sahil sakinləri, Tarşişə doğru gedin, fəryad edin! |
| 7. | Uzaq ölkələri müstəmləkə etmiş, Əylənib keflənən sakinləri olan Qədim şəhər bu imiş? |
| 8. | Taclar geyindirən Sura qarşı Bunları kim hazırladı? Axı bu şəhərin tacirləri şahzadə idi, Ticarətçiləri dünyanın ən hörmətli adamları idi. |
| 9. | Ordular Rəbbi bunu hazırladı ki, Hər cür gözəlliyin qürurunu qırsın, Yer üzünün hörmətli adamlarını utandırsın. |
| 10. | Ey Tarşiş qızı, öz torpaqlarından Nil kimi keç, Artıq maneçilik yoxdur. |
| 11. | Rəbb dənizin üzərinə əlini uzatdı, Padşahlıqları titrətdi, Kənanın istehkamlarının dağılması haqqında əmr verdi. |
| 12. | Onda Rəbb dedi: «Ey zorlanmış bakirə Sidon qızı, Sən bir daha sevinməyəcəksən! Qalx, Kittimə yollan, Amma orada da canına rahatlıq tapmayacaqsan». |
| 13. | Xaldey ölkəsinə bax! O xalq artıq yoxdur. Aşşurlular o ölkəni Vəhşi heyvanların məskəninə döndərdi. Onlar hücum etmək üçün qüllələri tikdi, Sarayları dağıtdılar, Bu diyarı viranəliyə çevirdi. |
| 14. | Fəryad edin, ey Tarşiş gəmiləri, Çünki istehkamınız dağılıb. |
| 15. | Bundan sonra Sur şəhəri yetmiş il ərzində bir padşahın ömrü qədər unudulacaq. Yetmiş il keçdikdən sonra Surun da başına fahişə qadın üçün bəstələdiyi nəğmədəki kimi belə gələcək: |
| 16. | «Ey unudulmuş fahişə, Əlinə bir lira al, şəhəri dolan! Gözəl havalar çal, çoxlu nəğmələr oxu, Qoy səni yada salsınlar!» |
| 17. | Yetmişinci ilin sonunda Rəbb Sur şəhərini yada salacaq. Bu şəhər yenə də ticarətə başlayacaq. Dünyanın bütün padşahlıqları ilə fahişəlik edəcək. |
| 18. | Amma Surun ticarətdən gələn gəliri Rəbbə həsr olunacaq. Ticarətdən qazanılmış pullar xəzinələrə qoyulmayacaq, gizlədilməyəcək. Bu gəlir Rəbbin hüzurunda gəzən adamların yeməyini və gözəl geyimini təmin edəcək. |
| ← Isaiah (23/66) → |