← Isaiah (22/66) → |
1. | Görüntü vadisi barəsində xəbərdarlıq: Ey şəhər xalqı, nə olub ki, hamınız damlara çıxmısınız? |
2. | Ey səs-küylü, əylənən, gurultulu şəhər, Öldürülənləriniz nə qılıncdan keçirildi, Nə də döyüşlərdə öldürüldü. |
3. | Başçılarınız birlikdə qaçdı, Onlar kamanlarından ox atmamış yaxalandı. Uzaqlara qaçdıqlarına baxmayaraq hamısı birgə yaxalandı. |
4. | Buna görə mən belə dedim: «Məni tənha qoyun, qoy acı-acı ağlayım, Əziz xalqım məğlub olduğuna görə Mənə təsəlli verməyə cəhd göstərməyin». |
5. | Çünki Ordular Rəbbi Xudavəndin Görüntü vadisində təlaş, basqın və çaşqınlıq günü var. Divarların dağıdılması və fəryadın dağlara çatdığı gün gəlir. |
6. | Elamlılar oxdanlarını tutub adamlarla dolu döyüş arabaları ilə, süvariləri ilə gəldilər. Kir sakinləri qalxanlarını açdılar. |
7. | Ən gözəl vadilərin döyüş arabaları ilə doludur, Süvarilər şəhər darvazalarının qarşısına düzüldülər. |
8. | Yəhudanın istehkamları deşik-deşik oldu, O gün siz «Meşə» adlı evdə saxlanılan silaha nəzər saldınız. |
9. | Davudun şəhərinin divarlarında çoxlu dəlik-deşik əmələ gəldiyini gördünüz, Aşağı hovuza su yığdınız. |
10. | Yerusəlimdəki evləri saydınız, Şəhər divarının təmiri üçün evləri sökdünüz. |
11. | Köhnə hovuzun suları üçün İki divar arasında su anbarı düzəltdiniz. Lakin bu işi Görənə baxmadınız, Bunu çoxdan hazırlayan Allaha nəzər salmadınız. |
12. | O gün Ordular Rəbbi Xudavənd sizi ağlaşmağa, Yas tutmağa, saçınızı yolmağa, çula bürünməyə çağırdı. |
13. | Fəqət bunun əvəzinə siz sevinc və şadlıq tapdınız, «Qoy yeyib-içək, çünki sabah öləcəyik!» dediniz, Cöngə, qoyun kəsdiniz, ət yediniz, şərab içdiniz. |
14. | Ordular Rəbbi bunu mənə açdı: «Bu günah sizə ölənə qədər əsla bağışlanmaz!» Ordular Rəbbi Xudavənd belə buyurur. |
15. | Ordular Rəbbi Xudavənd belə dedi: Dur, saray rəisi Şevnanın yanına get və de: |
16. | «Sənin burada nə işin var? Kim icazə verib ki, Burada – yüksəkdə özün üçün məzar qazasan, Qayanın içində özünə sərdabə düzəldəsən? |
17. | Ey güclü kişi, bax Rəbb səni var-qüvvə ilə atıb-tutacaq, |
18. | Top kimi yuvarlayacaq, Gen-bol ölkəyə atacaq. Orada öləcəksən və öyündüyün arabaların orada qalacaq, Axı öz ağanın evini biabır edən sənsən! |
19. | Səni vəzifəndən atacağam, Tutduğun yerindən qovacağam. |
20. | O gün qulum Xilqiya oğlu Elyaqimi çağırıb |
21. | Sənin geyimini ona geyindirəcəyəm, Sənin qurşağını onun belinə bağlayacağam, Səlahiyyətini onun ixtiyarına verəcəyəm. Bu adam Yerusəlim sakinlərinə, Yəhuda xalqına ata olacaq. |
22. | Davud nəslinin açarını onun çiynindən asacağam, Açdığını heç kim bağlaya bilməyəcək, Bağladığını heç kim aça bilməyəcək. |
23. | Mən onu paya kimi bərk yerə vuracağam. O, nəsli üçün fəxr olacaq. |
24. | Bütün nəslinin şöhrəti onun üzərində olacaq. Nəslin və övladların şərəfi – Taslardan tabaqlaradək Bütün qab-qacaqların şöhrəti Onun üzərində olacaq». |
25. | Ordular Rəbbi bəyan edir: «O gün bərk yerə vurulmuş paya qırılıb-düşəcək, onun üstünə asılan yük də yox olacaq». Çünki Rəbb belə söylədi. |
← Isaiah (22/66) → |