| ← Isaiah (21/66) → |
| 1. | Dəniz sahilindəki səhra barəsində xəbərdarlıq: Cənubdan necə fırtınalar gəlirsə, Səhradan, dəhşətli ölkədən də elə bir fəlakət gəlir. |
| 2. | Dəhşətli görüntü mənə nazil oldu: Xain xainlik edir, viranəçi viran edir. Ey Elam, qalx! Ey Midiya, Babili mühasirəyə al! Babilin bais olduğu bütün fəryadlara son qoyacağam. |
| 3. | Gördüklərimdən belimə sancı düşdü, Doğan qadın tək məni ağrı tutdu. Eşitdiklərimdən sarsıldım Gördüklərimdən məni vahimə bürüdü. |
| 4. | Ürəyim əsir, dəhşət məni bürüyür. Həsrətlə gözlədiyim sübh artıq məni qorxudur. |
| 5. | Gördüyüm görüntüdə süfrə hazırlayırlar, Xalçalar sərirlər, Yeyib-içirlər. Qalxın, ey sərkərdələr, Qalxanları yağlayın! |
| 6. | Xudavənd mənə belə dedi: «Get, gözətçi təyin et, Qoy o gördüklərini danışsın. |
| 7. | Qoşa atlı döyüş arabalarına, Atlara, eşşəklərə, dəvələrə minmiş Adamları gördükdə çox diqqət edin». |
| 8. | Gözətçi bağırdı: «Ey Xudavənd, gözətçi qülləsində daim duraram, Hər gecə yerimdə növbəmdə olaram. |
| 9. | Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir». Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı! Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu». |
| 10. | Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım! İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm. |
| 11. | Duma barəsində xəbərdarlıq: Bir nəfər Seirdən məni səsləyir: «Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb? Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?» |
| 12. | Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb, Lakin yenə gecə gələcək. Soruşmaq istəsəniz, yenə gəlin soruşun». |
| 13. | Ərəbistan barəsində xəbərdarlıq: Ey Dedan karvanları, Ərəbistan meşələrində gecələyəcəksiniz! |
| 14. | Ey Tema sakinləri, Susamışlara su gətirin! Qaçıb qurtulanlara çörək verin! |
| 15. | Çünki onlar qılıncdan, Siyrilmiş qılıncdan, Çəkilmiş ox-kamandan, ağır döyüşdən qaçıb. |
| 16. | Xudavənd mənə belə dedi: «Tam bir ilin ərzində Qedarın bütün əzəməti qurtaracaq. |
| 17. | Oxatanlardan, Qedar nəslinin cəngavərlərindən az qalacaq». İsrailin Allahı Rəbb belə dedi. |
| ← Isaiah (21/66) → |