← Isaiah (2/66) → |
1. | Amots oğlu Yeşayanın Yəhuda və Yerusəlim barəsində gördükləri: |
2. | Axır zamanda Rəbbin evi olan dağ Dağların zirvəsində möhkəm duracaq, Təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək. |
3. | Çox xalqlar gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, Qoy Rəbb bizə Öz yollarını öyrətsin, Biz Onun rizləri ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq. |
4. | Millətlər arasında Rəbb hakim olacaq, Çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, Nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, Artıq dava etməyi öyrənməyəcək. |
5. | Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək. |
6. | Ya Rəbb, xalqını – Yaqub nəslini atdın, Çünki onlar Şərqdən gələn mövhumatlara uymuşdular, Filiştlilər kimi falçılıq edirlər, Əcnəbilərin adət-ənənələrinə əməl edirlər. |
7. | Ölkələri qızıl-gümüşlə dolu, Xəzinələrinin sonu yoxdur. Ölkələrində çoxlu atlar var, Döyüş arabaları külli miqdardadır. |
8. | Ölkələri bütlərlə doludur, Əlləri ilə düzəltdikləri, Barmaqları ilə işlədikləri Bütlərin qarşısında səcdə qılırlar. |
9. | Buna görə də hamı yerə səriləcək, Hər kəs diz üstə çökdürüləcək. Ya Rəbb, onları bağışlama! |
10. | Rəbbin zəhmli üzündən, Ehtişamının əzəmətindən Qayalıqlara gedin, Yerin altında gizlənin. |
11. | Adamların təkəbbürlü baxışları alçaldılacaq, İnsanların qüruru qırılacaq, O gün yalnız Rəbb yüksəldiləcək. |
12. | Çünki o gün Ordular Rəbbi Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq. |
13. | Livanın bütün hündür və vüqarlı sidr ağaclarını məhv edəcək, Bütün Başan palıdlarını yox edəcək. |
14. | Bütün ulu dağları, hündür təpələri, |
15. | Bütün yüksək qüllələri, Qala divarlarını yerlə yeksan edəcək, |
16. | Bütün Tarşiş gəmilərini, Bütün gözəl gəmiləri yox edəcək. |
17. | Adamların təkəbbürü qırılacaq, İnsanların qüruru alçaldılacaq, O gün yalnız Rəbb ucaldılacaq. |
18. | Bütlər tamamilə aradan götürüləcək. |
19. | Rəbb yeri sarsıtmağa qalxanda Onun zəhmli üzündən, ehtişamının əzəmətindən Hər bir insan qayalıqdakı mağaralara, Yerin altındakı xəndəklərə qaçıb girəcək. |
20. | O gün insanlar Səcdə etmək üçün düzəltdikləri Qızıl və gümüş bütlərini götürüb Köstəbək və yarasaların Qabağına atacaqlar ki, |
21. | Rəbb yeri sarsıtmağa qalxarkən Onun zəhmli üzündən, ehtişamının əzəmətindən Qaçmaq üçün qayalıqdakı çatlaqlara, Uçurumlardakı yarıqlara girsinlər. |
22. | Nəfəsi burunda olan insandan əl çəkin, Onun nə dəyəri var ki? |
← Isaiah (2/66) → |