← Isaiah (19/66) → |
1. | Misir barədə xəbərdarlıq: Budur, Rəbb sürətlə gedən buludun üstünə minib Misirə gəlir. Misir bütləri Onun qarşısında titrəyir, Misirlilərin ürəkləri qorxudan əriyir. |
2. | Rəbb deyir: «Mən Misirliləri Misirlilərə qarşı qaldıracağam, Qardaş qardaşla, qonşu qonşu ilə, Şəhər şəhərlə, ölkə ölkə ilə vuruşacaq. |
3. | Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam. Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan, Ruhçağıranlardan məsləhət istəyəcək. |
4. | Misirliləri qəddar bir sahibə təslim edəcəyəm, Qüvvətli padşah üzərlərində hökm sürəcək». Sahibimiz, Ordular Rəbbi belə bəyan edir. |
5. | Nilin suları azalacaq, Çay çəkilib quruyacaq. |
6. | Çaylar iylənəcək, Misirin arxları boşalıb quruyacaq, Qamışlar və qarğılar çürüyəcək. |
7. | Nil kənarında, çayın qırağındakı qarğılar, Nil boyunca əkilmiş zəmilər quruyacaq, sovrulub yox olacaq. |
8. | Balıqçılar, Nilə tilov atanların hamısı ağlayaraq yas tutacaq, Nilə tilov atanların hamısı ağlayacaq, Suya tor salanlar kədərlənəcək. |
9. | İncə kətan üzərində işləyənlər, Ağ bez toxuyanlar ümidlərini itirəcək. |
10. | Misirin sütunları qırılacaq, Bütün muzdlu işçilər ruhdan düşəcək. |
11. | Soan şəhərinin başçıları necə də axmaqdır! Fironun hikmətli vəzirləri ağılsız məsləhətlər verir. Onlar firona necə: «Mən müdriklərin, Qədim padşahların nəslindənəm!» deyə bilər? |
12. | Ey firon, sənin hikmətli vəzirlərin indi haradadır? Qoy sənə bildirsinlər Ordular Rəbbi Misirə qarşı nə hazırlayıb. |
13. | Soan başçıları axmaq oldu, Nof rəisləri aldandı, Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı. |
14. | Rəbb onların ağlını çaşdırdı. Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə, Misir də öz əməllərində belə dolaşır. |
15. | Misirdə heç kim heç bir iş görə bilməyəcək: Nə baş, nə quyruq və nə xurma budağı, nə də qamış. |
16. | O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək. |
17. | Yəhuda torpağı Misirliləri dəhşətə gətirəcək. Ordular Rəbbinin Misirə qarşı hazırladığı niyyətə görə Yəhudanın adını eşidən hər kəs vəlvələyə düşəcək. |
18. | O gün Misirdə Kənan dilində danışan və Ordular Rəbbinin adına and içən beş şəhər olacaq. Onlardan biri Həlak şəhəri adlandırılacaq. |
19. | O gün Misir ölkəsində Rəbbə qurbangah qurulacaq, sərhədində isə Ona sütun tikiləcək. |
20. | Bu, Misir torpağında Ordular Rəbbinin əlaməti və şəhadəti olacaq. Onlar zülmkarlardan qurtulmaq üçün Rəbbə fəryad edəcək. O, Misirlilərə xilaskar və müdafiəçi göndərib onları qurtaracaq. |
21. | Rəbb Özünü Misirlilərə tanıtdıracaq, onlar da o gün Rəbbi tanıyacaq. Misirlilər Rəbbə qurbanlar, təqdimlər gətirəcək, nəzir-niyaz edib yerinə yetirəcək. |
22. | Rəbb Misirliləri vuracaq və sonra şəfa verəcək. Onlar Rəbbə tərəf dönəcək, yalvarışları qəbul olunacaq və Rəbb onlara şəfa verəcək. |
23. | O gün Misirdən Aşşura böyük yol olacaq. Aşşurlu Misirə, Misirli Aşşura gedib-gələcək. Misirlilərlə Aşşurlular birlikdə Rəbbə səcdə edəcək. |
24. | O gün İsrail Misir və Aşşurun yanında üçüncü ölkə olacaq. Dünya bunların sayəsində xeyir-dua alacaq. |
25. | Ordular Rəbbi onlara xeyir-dua verib deyəcək: «Xalqım Misir, yaratdığım Aşşur, irsim İsrail bərəkətli olsun». |
← Isaiah (19/66) → |