← Isaiah (17/66) → |
1. | Dəməşq barədə xəbərdarlıq: Budur, Dəməşq daha şəhər olmayacaq, Bir yığın xarabalığa dönəcək. |
2. | Aroer şəhərləri tərk olunacaq. Oralar sürülərin otlaq yeri olacaq, Onları qorxudan olmayacaq. |
3. | Efrayimdə qalalı şəhər qalmayacaq, Dəməşqin hakimiyyəti yox olacaq, Sağ qalan Aramlıların qüvvəti İsrail övladlarının qüvvəti tək olacaq. Bunu Ordular Rəbbi bəyan edir. |
4. | O gün Yaqub nəslinin əzəməti sönəcək, Hamısı bir dəri, bir sümük qalacaq; |
5. | Biçinçi taxılı necə biçirsə, Başaqları əli ilə necə yığırsa, Refaim vadisində başaqları necə toplayırsa, Onlar da elə olacaq. |
6. | Zeytun ağacı silkələnəndən sonra Təpəsində iki-üç zeytun qaldığı kimi, Bəhərli budaqlarında dörd-beş zeytun qaldığı kimi Çox az adam sağ qalacaq. Bunu İsrailin Allahı Rəbb bəyan edir. |
7. | O gün insan öz Yaradanına nəzər salacaq və gözləri İsrailin Müqəddəsini görəcək. |
8. | Əlləri ilə yaratdığı qurbangahlara baxmayacaq, barmaqları ilə düzəltdiyi ilahə Aşeranın rəmzi olan sütunlara, buxur qurbangahlarına nəzər salmayacaq. |
9. | O gün istehkamlı şəhərləri İsrail övladlarından qaçan Hivlilərlə Emorluların tərk etdiyi Şəhərlərə bənzəyəcək, viran qalacaq. |
10. | Sən, ey İsrail, sənə qurtuluş verən Allahını unutdun, Pənahgahın olan Qayanı xatırlamadın. Buna görə də sən əcnəbi bütlər üçün bağ əkirsən, Özgə ağacların budaqlarından peyvənd edirsən. |
11. | Onları əkdiyin gün böyüdürsən, Ertəsi gün çiçəkləndirirsən, Amma kədərli, sağalmayan ağrılı gündə məhsul verməyəcəklər. |
12. | Ah, çoxsaylı xalqların gurultusu Dənizlərin gurultusuna bənzər! Ümmətlərin nərəsi böyük suların çağlayışına oxşar! |
13. | Ümmətlərin səsi böyük suların gurultusuna bənzəyəcək, Lakin Allah onları məzəmmət edəcək, Onlar uzaqlara qaçacaq, Küləyin qarşısında təpəliklərdəki saman çöpü kimi, Qasırğanın önündə yuvarlanan küləş kimi qovulacaqlar. |
14. | Axşamçağı onlar dəhşət doğururlar, Səhər açılmadan yox olurlar. Bizi soyanların aqibəti budur, Bizi qarət edənlərin sonu budur. |
← Isaiah (17/66) → |