← Isaiah (14/66) → |
1. | Rəbb Yaqub nəslinə rəhm edəcək, İsrail xalqını yenə seçib torpaqlarına sakin edəcək, Yadellilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək. |
2. | Xalqlar İsrail xalqını götürüb torpaqlarına aparacaq. Onda İsrail xalqı Rəbbin torpağında Onları özlərinə qul və kəniz edəcək; Onları əsir aparanları özləri əsir edəcək, Onlara zülm edənlərin üzərində hökm sürəcək. |
3. | Rəbb səni ağrıdan, sıxıntıdan, Gördüyün ağır işdən qurtaranda |
4. | Babil padşahına lağ edib belə deyəcəksən: «Zülmkarın sonu gör necə oldu! Zorakılığın axırı gör necə oldu! |
5. | Rəbb pis adamların dəyənəyini, Hökmdarların əsasını qırdı. |
6. | O əsa ki dayanmadan xalqları qəzəblə vurardı, Millətləri qeyzlə, amansızca əzərdi. |
7. | İndi isə bütün dünya Sakitlik və rahatlıq içində sevincdən coşur. |
8. | Livanın şam və sidr ağacları Sənin fəlakətinə sevinərək deyir: “Sənin ölümündən bəri heç kim bizi kəsməyə gəlmir”. |
9. | Yerin altındakı ölülər diyarı sənə “xoş gəldin” deyib, Səni qarşılamağa can atır, ey Babil padşahı! Yer üzünün ölən bütün başçıları Sənin gəlişindən həyəcanlanır, Millətlərin bütün keçmiş padşahları Taxtlarından ayağa qalxır. |
10. | Hamı səni çağırıb belə deyəcək: “Sən də bizim kimi zəif oldun, bizə bənzədin!” |
11. | Cah-calalın, çənglərinin səsi Ölülər diyarına endirildi. Altını qurd, üstünü həşərat bürüdü. |
12. | Ey parlaq ulduz, dan oğlu, Necə də göylərdən yerə düşdün! Ey millətləri tapdalayıb keçən, Necə də yerə yıxıldın! |
13. | Sən ürəyində dedin: “Göylərə qalxacağam, Taxtımı Allahın ulduzları üzərində ucaldacağam, Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam, |
14. | Uca buludların üzərinə çıxacağam, Haqq-Taala kimi olacağam”. |
15. | Ancaq ölülər diyarına, Ölüm çuxurunun dərinliyinə endiriləcəksən. |
16. | Səni görənlər gözlərini zilləyib Sənin haqqında düşünüb belə deyəcək: “Dünyanı sarsıdan, padşahlıqları lərzəyə salan, |
17. | Yer üzünü səhraya çevirən, Şəhərlərini yerlə yeksan edən, Dustaqları evlərinə buraxmayan adam bu deyilmi?” |
18. | Bütün millətlərin padşahları, Hər biri öz əzəmətli sərdabəsində uyuyur. |
19. | Lakin sən iyrənc budaq kimi Qəbrindən kənara, uzağa atıldın, Bir çuxurun dibinə tullanan, Bədənləri qılıncla deşilən meyitlərlə örtülmüsən, Ayaq altında qalan leş kimisən. |
20. | Ölkəni dağıdıb xalqını öldürdüyünə görə Başqaları kimi dəfn olmayacaqsan. Pislik edənlərin nəsli bir daha xatırlanmayacaq. |
21. | Atalarının günahına görə Övladları üçün qırğın hazırlayın ki, Onlar qalxıb dünyanı zəbt etməsinlər, Dünyanın üzərini şəhərləri ilə bürüməsinlər». |
22. | «Babil xalqına qarşı qalxacağam» Bunu Ordular Rəbbi bəyan edir. «Babilin adını, sağ qalanlarını, oğullarını, Nəsillərini yox edəcəyəm» Rəbb bəyan edir. |
23. | «Babili bayquş yuvasına, bataqlığa çevirəcəyəm, Qırğın süpürgəsi ilə süpürəcəyəm» Ordular Rəbbi bəyan edir. |
24. | Ordular Rəbbi and içib belə deyir: «Mütləq düşündüyüm kimi olacaq, Niyyət etdiyim kimi gerçəkləşəcək. |
25. | Ölkəmdə Aşşurluları məhv edəcəyəm, Dağlarımda onları tapdalayacağam. Xalqım Aşşurun boyunduruğundan, Çiyinlərindəki yükündən qurtulacaq. |
26. | Bütün dünya üçün hazırladığım hökm budur, Bütün millətlərə qarşı uzanan əl budur. |
27. | Ordular Rəbbinin hökmünü kim poza bilər? Uzanan əlini kim geri qaytara bilər?» |
28. | Padşah Axazın öldüyü ildə görüntü ilə nazil olan xəbərdarlıq: |
29. | «Ey bütün Filiştlilər, sevinməyin ki, sizi döyən dəyənək qırıldı, Çünki ilanın kökündən gürzə törəyəcək, Onun törəməsi də uçan ilan olacaq. |
30. | Kasıbların ən kasıbı doyacaq, Fəqirlər rahat dincələcək. Amma sizin kökünüzü qıtlıqla kəsəcəyəm, Sağ qalanlarınız da öldürüləcək. |
31. | Ey darvaza, fəryad et! Ey şəhər, ağla! Ey bütün Filiştlilər, başdan-başa əriyin! Çünki şimaldan tüstü gəlir, Düşmən əsgərləri nizamı pozmadan gəlir». |
32. | O millətin elçilərinə nə cavab veriləcək? «Rəbb Sionun təməlini qoyub, Onun xalqının fəqirləri orada Sığınacaq tapacaq» deyiləcək. |
← Isaiah (14/66) → |