| ← Isaiah (13/66) → |
| 1. | Amots oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq: |
| 2. | Çılpaq dağın zirvəsinə bayraq sancın! Döyüşçüləri bərkdən səsləyin, Əl edin ki, onlar Əsilzadələr üçün ayrılan qapılardan içəri girsin. |
| 3. | Mən seçdiklərimə əmr verdim, Qəzəbimi düşmənlərə tökmək üçün Cəsur cəngavərləri, Ucalığımla öyünən igidləri səslədim. |
| 4. | Dağlardakı izdihamın gurultusunu eşidin, Bu, böyük bir xalqın səsinə bənzər. Bir yerə toplanan millətlərin, Padşahlıqların nidasını dinləyin! Ordular Rəbbi bir ordunu döyüşə çağırır! |
| 5. | Onlar uzaq ölkədən, Üfüqlərin o biri tərəfindən gəlir. Ölkəni tamamilə yerlə yeksan etmək üçün Rəbb və Onun qəzəbinin silahı gəlir. |
| 6. | Fəryad edin, çünki Rəbbin günü yaxınlaşır. O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir! |
| 7. | Buna görə hamının əlləri yanına düşəcək, Hər kəs qorxub ürəyini yeyəcək. |
| 8. | Hər bir adamı dəhşət bürüyəcək, Dərd və iztirab içində boğulacaq, Doğan qadın kimi ağrı çəkəcək, Çaşqın-çaşqın bir-birinə baxacaq, Üzləri qızaracaq. |
| 9. | Budur Rəbbin günü gəlir, Amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki, Yeri səhraya döndərsin, Oradakı günahkarları məhv etsin. |
| 10. | Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq, Ay nurunu saçmayacaq. |
| 11. | Rəbb deyir: «Pisliyə görə dünyanı, Günahlarına görə pis adamları cəzalandıracağam. Təkəbbürlülərin qürurunu qıracağam, Zalımların məğrurluğunu alçaldacağam. |
| 12. | İnsan saf qızıldan da az olacaq, Adam Ofir qızılından da nadir halda tapılacaq. |
| 13. | Buna görə də Mən Ordular Rəbbi, Qızğın qəzəb günündə Qeyzlə göyləri titrədəcəyəm, Yer üzü lərzəyə gələcək. |
| 14. | Hər kəs qovulan ceyrana, çobansız qoyunlara dönüb Öz xalqının yanına qayıdacaq, Öz vətəninə qaçacaq. |
| 15. | Bütün tutulanların bədəni dəlik-deşik olacaq, Ələ keçənlərin hamısı qılıncdan keçiriləcək. |
| 16. | Onların gözləri önündə körpələri parça-parça ediləcək, Evləri talan ediləcək, Arvadlarının namusuna toxunulacaq. |
| 17. | Gümüşə qiymət verməyən, Qızılı sevməyən Midiyalıları Onlara qarşı qaldıracağam. |
| 18. | Ox-kamanları gəncləri parça-parça edəcək, Körpələrə rəhm etməyəcəklər, Uşaqları əsirgəməyəcəklər. |
| 19. | Mən Allah Sodomla Homorranı necə dağıtdımsa, Padşahlıqların ən gözəli olan, Xaldeylilərin calalı və qüruru olan Babili də elə yıxacağam. |
| 20. | Orada bir daha heç kim yaşamayacaq, Nəsildən-nəslə kimsə məskunlaşmayacaq. Ərəblər çadırlarını qurmayacaq, Çobanlar sürülərini orada saxlamayacaq. |
| 21. | Ora vəhşi heyvanların yaşadığı yer olacaq, Bayquşlar evlərdə qaynaşacaq, Orada dəvəquşular məskən salacaq, Təkələr oynaşacaq. |
| 22. | Saraylarında goreşənlər çığıracaq, Gözəl imarətlərində çaqqallar gəzəcək. Babilin sonu yaxınlaşır, O günlər tez gəlib çatacaq». |
| ← Isaiah (13/66) → |