| ← Isaiah (11/66) → | 
| 1. | Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, Kökündən çıxan bir budaq bar verəcək. | 
| 2. | Rəbbin Ruhu, Hikmət və anlayış ruhu, Öyüd-nəsihət və qüdrət ruhu, Bilik və Rəbb qorxusu ruhu Onun üzərində olacaq. | 
| 3. | O, Rəbb qorxusunda sevinc tapacaq. Gözlərinin gördüyü ilə hökm etməyəcək, Qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq. | 
| 4. | Lakin o, yoxsullara haqq ilə hökm edəcək, Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Pis adamları ağzının nəfəsi ilə öldürəcək. | 
| 5. | O, belini salehliklə qurşayacaq, Sədaqəti kəmər kimi taxacaq. | 
| 6. | O gün qurdla quzu bir yerdə yaşayacaq, Bəbirlə çəpiş birgə yatacaq, Dana, gənc aslan və bəslənmiş mal-qara Yan-yana duracaq, Onları balaca uşaq gəzdirəcək. | 
| 7. | İnəklə ayı bir yerdə otlayacaq, Onların balaları bir yerdə yatacaq, Şir də buğa tək saman yeyəcək. | 
| 8. | Südəmər körpə əfi ilanın Yuvası üstündə oynayacaq, Süddən kəsilmiş uşaq Əlini gürzənin yuvasına salacaq. | 
| 9. | Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək. Çünki sular dənizi bürüdüyü kimi Dünya Rəbbin biliyi ilə dolacaq. | 
| 10. | O gün Yesseyin kökü xalqlara bayraq olacaq, Millətlər ona tərəf yönələcək Məskunlaşdığı yer izzətlə dolacaq. | 
| 11. | O gün Xudavənd Aşşurdan, Misirdən, Patrosdan, Kuşdan, Elamdan, Şinardan, Xamatdan və uzaq diyarlardan Xalqının sağ qalanlarını qurtarmaq üçün İkinci dəfə əlini uzadacaq. | 
| 12. | Millətlər üçün bayraq qaldıracaq, Əsir düşmüş İsrail övladlarını yığacaq, Dağılmış Yəhudalıları Dünyanın dörd bucağından bir yerə gətirəcək. | 
| 13. | Efrayimin qısqanclığı yox olacaq, Yəhudanı sıxışdıranlar məhv olacaq. Efrayim Yəhudaya qısqanmayacaq, Yəhuda Efrayimi sıxışdırmayacaq. | 
| 14. | Onların ikisi qərbdə Filiştlilərin üstünə hücum edəcək, Birlikdə şərqdə yaşayanların var-dövlətini qarət edəcək, Edom və Moav torpaqlarını zəbt edəcək, Ammonlular onlara tabe olacaq. | 
| 15. | Rəbb Misirdəki dənizin körfəzini Büsbütün qurudacaq. Fərat çayının üzərində Əlini yellədərək səmum küləyi gətirəcək, O, çayı yeddi dərəyə böləcək, Adamlar oradan çarıqlarla keçə biləcək. | 
| 16. | İsrail övladları Misir torpağından çıxdığı kimi Rəbbin Aşşurda sağ qalan xalqı üçün Böyük bir çıxış yolu olacaq. | 
| ← Isaiah (11/66) → |