| ← Isaiah (10/66) → |
| 1. | Haqsız qaydalar çıxaranların, Ədalətsiz qanun qoyanların, |
| 2. | Yoxsullardan ədaləti əsirgəyənlərin, Xalqımın kasıblarının haqqını əlindən alanların, Dul qadınları soyanların, Yetimlərin malını ələ keçirənlərin vay halına! |
| 3. | Cəza günü uzaqlardan başınıza bəla gələndə nə edəcəksiniz? Kömək üçün kimin yanına qaçacaqsınız? Mal-dövlətinizi harada saxlayacaqsınız? |
| 4. | Dustaqlar arasında əyilməkdən Yaxud öldürülənlər arasında yıxılmaqdan Başqa bir çarə qalmayacaq. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi. |
| 5. | «Vay Aşşurun halına, O Mənim qəzəb əsam, Əlindəki dəyənəksə qeyzimdir! |
| 6. | Aşşuru göndərəcəyəm allahsız millətin üstünə, Qəzəbləndiyim xalqın üzərinə hücum etməyə, Qarət etməyə, talan malı götürməyə. Onları küçələrdəki palçıq kimi Tapdalamağa əmr verəcəyəm. |
| 7. | Amma Aşşur padşahı Bundan da pis niyyətlər haqda düşünür, Bir neçə millətin kökünü kəsib məhv etməyi fikirləşir. |
| 8. | O deyir: “Məgər sərkərdələrimin hamısı padşahlardan artıq deyilmi? |
| 9. | Kalnonu Karkemiş kimi ələ keçirmədimmi? Xamat və Arpad şəhərlərini süqut etdirmədimmi? Samariya ilə Dəməşq bizə təslim olmadılarmı? |
| 10. | Yerusəlimlə Samariyadakından daha çox oyma bütləri olan Bütpərəst ölkələri necə ələ keçirdimsə, |
| 11. | Samariyaya və onun bütlərinə nə etdimsə, Yerusəlimə və onun bütlərinə də elə etmərəmmi?”» |
| 12. | Xudavənd Sion dağında və Yerusəlimdə işini bitirəndən sonra belə deyəcək: «Aşşur padşahını qürurlu ürəyinə görə, Təkəbbürlü baxışlarına görə cəzalandıracağam. |
| 13. | Çünki o deyir: “Bunu mən əlimin qüvvəti ilə, hikmətim və ağlımla etdim. Xalqları ayıran sərhədləri yox etdim, xəzinələrini talan etdim, Bir güclü buğa kimi padşahları taxtlarından endirdim. |
| 14. | Elə bil əlimi quş yuvasına uzadıb Xalqların var-dövlətini götürdüm. Elə bil yiyəsiz yumurtaları yığıb Bütün dünyanı mən beləcə zəbt etdim. Qanad çırpan, ağzını açıb səsini çıxaran belə, olmadı”». |
| 15. | Balta onu işlədənin qarşısında öyünərmi? Mişar onu qaldıranın qarşısında qürrələnərmi? Sanki dəyənək onu götürəni işlədir, Elə bil ağacdan düzəlmiş əsa canlını hərəkət etdirir. |
| 16. | Buna görə Sahibimiz, Ordular Rəbbi Aşşurun güclü əsgərlərinə azar göndərəcək, Möhtəşəm orduları od tutub yanacaq. |
| 17. | İsrailin Nuru od, İsrailin Müqəddəsi alov olacaq. Aşşuru tikan və qanqal kimi bir gündə yandırıb yox edəcək. |
| 18. | Gözəl meşələri, məhsuldar tarlaları Tamamilə xarab olacaq, Ağır xəstəliyə tutulan insanın canı kimi Həlak olacaq. |
| 19. | Meşələrində qalan ağaclarsa Bir uşağın saya biləcəyi qədər az qalacaq. |
| 20. | O gün İsrailin sağ qalanları, Yaqubun nəslindən xilas olub sağ qalanlar Onları həlak edənlərə artıq bel bağlamayacaq. Lakin, həqiqətən, Rəbbə – İsrailin Müqəddəsinə arxalanacaq. |
| 21. | Sağ qalanlar, Yaqub nəslindən sağ qalanlar Qüdrətli Allaha tərəf dönəcək, |
| 22. | Ey İsrail, xalqın dəniz qumu qədər çox olsa belə, Onlar arasından ancaq sağ qalanlar Allaha tərəf dönəcək. Tükənməz ədalətlə dağıdılma hökmü verilib. |
| 23. | Xudavənd, Ordular Rəbbi dağıdılma hökmünü Bütün dünyada yerinə yetirəcək. |
| 24. | Buna görə də Xudavənd, Ordular Rəbbi belə deyir: «Ey Sionda yaşayan xalqım, Misirlilərin sənə etdiyi kimi Səni dəyənəklə vuran, Üzərinə çomaq qaldıran Aşşurlulardan qorxma. |
| 25. | Çünki bu yaxında qəzəbim sönəcək, Hiddətim Aşşurluların məhvinə səbəb olacaq». |
| 26. | Mən Ordular Rəbbi, Midyanlıları Orev qayasında vurduğum kimi Onları da qırmancla vuracağam, Dəyənəyimi Misirlilərə qarşı nə cür dənizin üzərinə uzatdımsa, İndi də elə edəcəyəm. |
| 27. | O gün Aşşurun yükü çiyninizdən, Boyunduruğu boynunuzdan götürüləcək. Dirçəldiyinizə görə boyunduruq qırılacaq. |
| 28. | Ayat şəhərini alıb Miqrondan keçdilər, Mikmasda yüklərini boşaltdılar. |
| 29. | Onlar keçidi keçdi, Gevada gecələdi, Rama şəhəri lərzəyə gəldi, Şaulun şəhəri Giveada yaşayanlar qaçdı. |
| 30. | Ey Qallim əhli, səsini ucalt! Ey Layşa, dinlə, Ey zavallı Anatot! |
| 31. | Madmena sakinləri qaçır, Gevim sakinləri sığınacaq axtarır. |
| 32. | Bu gün işğalçılar Novda qalacaq, Sion şəhərinin qurulduğu dağa – Yerusəlim təpəsinə yumruq göstərəcək. |
| 33. | Budur, Sahibimiz, Ordular Rəbbi Düşməni dəhşətli gücü ilə budaqlar kimi kəsəcək. Ən hündür ağaclar qırılacaq, Qürurlular alçaldılacaq. |
| 34. | Meşədəki kolluqları balta kimi Kəsib yerə sərəcək. Livan Qüdrətli Olanın önündə diz çökəcək. |
| ← Isaiah (10/66) → |