Isaiah (1/66) → |
1. | Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiyanın dövründə Yəhuda və Yerusəlim barəsində Amots oğlu Yeşayaya görünən görüntü. |
2. | Ey göylər, eşidin, Ey yer üzü, dinləyin! Çünki Rəbb belə söylədi: «Övladlar yetişdirib böyütdüm, Amma onlar Mənə qarşı üsyankar oldular. |
3. | Öküz yiyəsini, Eşşək də sahibinin təknəsini tanıyır, Lakin İsrail xalqı Məni tanımır, Xalqım anlamır». |
4. | Günah edən millətin, Şər işlər görən xalqın, Yolunu azmış nəslin, Pozulmuş övladların vay halına! Onlar Rəbbi tərk etdilər, İsrailin Müqəddəsinə xor baxdılar, Ondan üz döndərdilər. |
5. | Siz nə üçün yenə döyüləsiniz, Niyə üsyan etməkdə davam edirsiniz? Xoralar başınızı tamamilə bürüyüb, Ürəyiniz azara düşüb. |
6. | Təpədən dırnağacan bədəniniz xəstədir, Bir sağlam yeriniz yoxdur: Yaralarınız, zədələriniz, Yenə də vurulmuş yaralarınız Təmizlənməmiş, sarılmamış, Məlhəmlə yumşaldılmamışdır. |
7. | Ölkəniz viran qaldı, Şəhərləriniz alışıb-yandı, Yadellilər gözünüzün önündəcə torpağınızı yeyib-dağıtdı. Torpağınız kimsəsiz qalıb, Sanki yad adamlar oranı talayıb. |
8. | Sion qızı bağdakı çardaq, bostandakı koma, Mühasirəyə alınmış şəhər kimi tək qalıb. |
9. | Əgər Ordular Rəbbi Bizim üçün bir neçə adamı sağ qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik. |
10. | Ey Sodom başçıları, Rəbbin sözünü eşidin! Siz, ey Homorra xalqı, Allahımızın təlimini dinləyin! |
11. | Rəbb deyir: «Qurbanlarınız çoxalıb, Mənə nə? Yandırma qoç qurbanlarından, Bəslənmiş heyvanların piyindən doymuşam. Buğa, quzu, təkə qanını istəmirəm. |
12. | Hüzuruma gələrkən Əlinizdə bunları gətirməyinizi kim istədi? Məbədimin həyətlərinə boş yerə ayaq basırsınız. |
13. | Mənə artıq batil təqdimlər gətirməyin, Buxur Məndə ikrah yaradır. Pisliklə dolu Təzə Ay mərasimlərinizə, Şənbə günlərinizə, Müqəddəs toplantılarınıza Dözə bilmirəm! |
14. | Təzə Ay mərasimlərinizə, Bayram günlərinizə Ürəkdən nifrət edirəm. Bunlar Mənə yük oldu, Onları daşımaqdan yoruldum. |
15. | Siz əl açıb Mənə yalvaranda Göz yumacağam. Nə qədər çox dua etsəniz də, Yenə qulaq asmayacağam. Əlləriniz qanla doludur, |
16. | Yuyunub təmizlənin, Gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın, Pislik etməkdən vaz keçin. |
17. | Yaxşılıq etməyi öyrənin, Ədaləti axtarın, Məzlumları qurtarın, Yetimin haqqını qoruyun, Dul qadını müdafiə edin». |
18. | Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq. |
19. | İtaətkar olub sözə baxsanız, Torpağın ən gözəl bəhrələrindən yeyərsiniz. |
20. | Əgər üsyankar olub Məni rədd etsəniz, Qılınc sizi yeyəcək». Bu sözlər Rəbbin ağzından çıxıb. |
21. | Rəbbə sadiq şəhər Necə də fahişəyə bənzər oldu! Axı o, ədalətlə dolu idi, Orada salehlik məskunlaşmışdı, İndi isə qatillərlə doludur! |
22. | Gümüşünüz tullantıya çevrildi, Şərabınıza su qatıldı. |
23. | Başçılarınız üsyankar olub oğrularla əlbirdir. Hər kəs rüşvəti sevir, bəxşiş dalınca düşür. Yetimin haqqını qorumur, Dul qadını müdafiə etmək haqqında düşünmür. |
24. | Buna görə də Sahibimiz, Ordular Rəbbi, İsrailin Qadir Allahı Belə bəyan edir: «Yağılarımı cəzalandırıb rahatlanacağam, Düşmənlərimdən qisas alacağam. |
25. | Ey İsrail xalqı, sənə əlimi uzadacağam, Paxırını gilabı ilə təmizləyəcəyəm, Bütün çirkini yuyacağam. |
26. | Hakimlərini, məsləhətçilərini Əvvəlki kimi geri qaytaracağam. Sənə yenidən: “Salehlik şəhəri, sadiq şəhər” deyiləcək». |
27. | Sion ədalətlə, Tövbə edən sakinləri salehliklə qurtulacaq. |
28. | Lakin üsyankarlarla günahkarlar Birgə həlak olacaq, Rəbbi tərk edənlər yox olacaq. |
29. | Palıd ağaclarına səcdə etməkdən xəcalət çəkəcəksiniz, Seçdiyiniz bağlarda ibadət etməkdən utanacaqsınız. |
30. | Yarpaqları solmuş palıd ağacına, Susuz bağa dönəcəksiniz. |
31. | Güclü adam kətan qırıntısına oxşayacaq, Gördüyü iş qığılcım kimi olacaq, İkisi birlikdə yanacaq, Onları söndürən olmayacaq. |
Isaiah (1/66) → |