| ← Hosea (9/14) → | 
| 1. | Ey İsrail, başqa xalqlar kimi Sevinib coşma, Çünki öz Allahına xəyanət etdin. Bütün xırmanlarda Fahişəlik muzduna könül verdin. | 
| 2. | Xırman və üzümsıxan xalqı doydurmayacaq, Təzə şərab onlara qismət olmayacaq. | 
| 3. | Rəbbin torpağında yaşamayacaqlar, Efrayim Misirə qayıdacaq, Aşşurda murdar yemək yeyəcək. | 
| 4. | Rəbbə təqdim olaraq şərab tökməyəcəklər, Qurbanları Ona məqbul olmayacaq. Qurbanlar onlara yas çörəyi olacaq, Onu yeyənlərin hamısı murdar olacaq. Çörəkləri özlərinə qismət olacaq, Amma Rəbbin evinə gətirilməyəcək. | 
| 5. | Təntənəli bayramda, Rəbbin bayram günündə nə edəcəksiniz? | 
| 6. | Məhvdən qaçsalar da, Misir onları yığacaq, Memfis qəbirə basdıracaq. Onların gümüş xəzinələrini gicitkən tutacaq, Çadırlarında qanqal bitəcək. | 
| 7. | Onların cəza günləri gəldi, Haqq-hesab günləri yetişdi. Qoy İsrail bunu bilsin! Təqsirlərinizin çoxluğundan, Düşmənçiliyinizin böyüklüyündən Peyğəmbəri əbləh, Ruhani adamı divanə saydınız. | 
| 8. | Peyğəmbər Allahımın Efrayim üzərində qoyduğu gözətçidir. Amma onun getdiyi hər yerdə tor qurdular, Allahın evində düşmənçilik var. | 
| 9. | Givea günlərində olduğu kimi Onlar böyük pozğunluğa düçar oldu. Allah onların təqsirlərini yada salacaq, Günahları üçün onları cəzalandıracaq. | 
| 10. | Səhrada üzüm tapan kimi Mən İsraili tapdım, İlk dəfə məhsul verən əncir nübarı kimi Mən atalarınızı gördüm. Amma onlar Baal-Peora çatanda Rüsvayçı bütlərə təslim oldu. Özləri də sevdikləri şeylər kimi İyrənc oldu. | 
| 11. | Efrayimin calalı Bir quş kimi uçub gedəcək. Nə doğum, nə hamiləlik, nə mayalanma olacaq. | 
| 12. | Öz uşaqlarını böyütsələr də, Balalarını əllərindən alacağam, Onları kimsəsiz qoyacağam. Mən onları tərk etdikdə vay hallarına! | 
| 13. | Mən gördüm ki, Efrayim Sur şəhəri kimi gözəl bir yerdə məskən salıb. Amma Efrayim öz övladlarını Qatil qabağına çıxaracaq». | 
| 14. | Ya Rəbb, nə verəcəksən, ver onlara, Onlara uşaq salan bətn, südsüz döşlər ver! | 
| 15. | Rəbb deyir: «Onlar bütün pis əməllərini Qilqalda edir, Orada onlara nifrət etdim. Etdikləri günahlardan ötrü Onları evimdən qovacağam. Artıq onları sevməyəcəyəm. Bütün başçıları üsyankardır. | 
| 16. | Efrayim kəsildi, Kökləri qurudu. Onlar bar verməyəcək. Əgər doğsalar da, Bətnlərinin əziz barını Mən məhv edəcəyəm». | 
| 17. | Allahım onları rədd edəcək, Çünki Ona qulaq asmadılar. Millətlər arasında sərgərdan gəzəcəklər. | 
| ← Hosea (9/14) → |