← Hosea (8/14) → |
1. | Şeypur çalmağa hazırlaş! Rəbbin evinin üzərinə Düşmən qartal kimi hücum çəkir. Çünki İsraillilər Mənim əhdimi pozdu, Mənim qanunuma qarşı çıxdı. |
2. | Onlar Mənə fəryad edib deyəcək: “Allahım, biz İsraillilər Səni tanıyırıq”. |
3. | İsrail yaxşılığı rədd etdi, Düşmən onu təqib edəcək. |
4. | Məndən soruşmadan Özlərinə padşah qoydular. Məndən xəbər almadan Başçılar seçdilər. Özlərinə qızıl və gümüşlərindən Ölümlərinə yol açan Bütlər düzəltdilər. |
5. | Ey Samariya, dana bütün rədd edildi! Mənim qəzəbim onlara qarşı alovlandı. Nə vaxta qədər onlar pak olmayacaq? |
6. | Çünki bu büt İsrailin işidir, Usta onu düzəldib, Ona görə də Allah deyil. Samariyadakı dana bütü Xıncım-xıncım olacaq. |
7. | Onlar külək qaldırdı, Qasırğa alacaqlar. Sünbül bitirməyən buğda un verməz, Versə də, yadlar onu udacaq. |
8. | İsrail udulmuşdur, İndi onlar millətlər arasında Heç kəsin bəyənmədiyi bir qab kimi oldu. |
9. | Onlar tənha gəzən vəhşi eşşək kimi Aşşur tərəfə getdi. Efrayim muzdla özünə oynaşlar tutdu. |
10. | Onlar millətlər arasında muzdla oynaş tutsalar da, Mən indi onları bir yerə toplayacağam. Onlar qüdrətli padşahın zülmündən Azalmağa başlayacaq. |
11. | Efrayim günah təqdimi üçün Çoxlu qurbangah tiksə də, Bunlar onu günaha batıran qurbangahlar oldu. |
12. | Mən onlar üçün çoxlu qanun yazdım, Onlarsa bunları yad bir şey hesab etdi. |
13. | Mənə kəsilən qurbanlara gəlincə, Əti Mənə qurban gətirib Özləri yeyir. Rəbb onlardan razı deyil. İndi onların qəbahətlərini yada salacaq, Günahlarına görə onları cəzalandıracaq. Onlar Misirə qayıdacaq. |
14. | İsrail də Yaradanını unutdu, Özünə saraylar qurdu. Yəhuda da çoxlu qalalı şəhər tikdi, Ancaq Mən onun şəhərlərinə od göndərəcəyəm, Qalalarını alov yeyəcək. |
← Hosea (8/14) → |