← Hosea (7/14) → |
1. | İsrailə şəfa vermək istəyəndə Efrayimin günahları, Samariyanın pislikləri ortaya çıxır. Çünki hiylə ilə davranırlar. Evlərə oğru girir, Küçədə quldur soyğunçuluq edir. |
2. | Ürəklərində düşünmürlər ki, Mən onların bütün pisliklərini yada salıram. İndi günahları onları dövrələyib və Gözümün önündədir. |
3. | Padşahı pislikləri ilə, Başçıları yalanları ilə sevindirirlər. |
4. | Hamısı zinakardır, Yoğrulan xəmir acıyana qədər Təndirçinin odunu qurdalamağa ehtiyac görmədiyi Soba kimi şəhvətlə yanırlar. |
5. | Padşahımızın ad günündə Başçılar şərabın atəşindən xəstələndi, Padşah da istehzaçılarla əl-ələ verdi. |
6. | Pusquda yatarkən Ürəkləri soba kimi qızar. Qəzəbləri bütün gecə için-için yanar, Səhər də alovlu atəş kimi parlayar. |
7. | Onların hamısı soba kimi qızışıb Öz hakimlərini həlak etdi. Bütün padşahları yıxıldı, Aralarında Məni çağıran yoxdur. |
8. | Efrayim başqa xalqlara qarışır; Efrayim bir üzü çiy qalan kökədir. |
9. | Onun gücünü özgələr yedi, O isə bilmir, Saçına dən düşüb, O isə bilmir. |
10. | İsrailin qüruru özünə qarşı şəhadət edir. Ancaq yenə də özlərinin Allahı Rəbbə tərəf dönmür, Onu axtarmırlar. |
11. | Efrayim səfeh və dərrakəsiz bir göyərçin kimidir. Gah Misirliləri çağırır, Gah Aşşura gedirlər. |
12. | Onlar gedən zaman Mən onların başına torumu atacağam. Göydəki quşlar kimi Onları vurub yerə salacağam. İcmalarında bildirildiyi kimi Onları cəzalandıracağam. |
13. | Vay onların halına! Çünki Məndən uzaqlaşdılar. Başlarına bəla gəlsin! Çünki Mənə qarşı üsyan etdilər. Mən onları qurtarmaq istəyirdim, Onlarsa Mənə böhtan deyir. |
14. | Ürəkdən Mənə fəryad etmirlər, Ancaq yataqlarının içində ulayırlar. Taxıl və təzə şərab üçün özlərini yaralayırlar, Amma Məndən üz döndərirlər. |
15. | Mən onlara nəsihət verdim, Qollarına güc verdim. Onlarsa Mənə qarşı qəsd qurur. |
16. | Onlar üz tutur, Ancaq ucalara tərəf yox. Hədəfi əyri vuran kamana bənzəyirlər. Dillərinin arsızlığı üzündən Başçıları qılınca tuş gələcək. Buna görə də Misirdə Kinayə hədəfi olacaqlar. |
← Hosea (7/14) → |