← Hosea (5/14) → |
1. | Ey kahinlər, bunu eşidin! Ey İsrail nəsli, diqqətlə dinləyin! Ey padşah sarayında olanlar, qulaq verin! Sizin barənizdə hökm çıxarıldı, Çünki siz Mispada bir tələ, Tavor dağına sərilmiş bir tor oldunuz. |
2. | Qanunsuzlar adam öldürməklə məşğuldur. Amma Mən onların hamısını cəzalandıracağam. |
3. | Efrayimi tanıyıram, İsrail Məndən gizli deyil, Çünki indi sən fahişəlik edirsən, ey Efrayim, İsrail də murdarlanıb. |
4. | Əməlləri qoymur ki, onlar Özlərinin Allahına tərəf dönsün, Çünki içlərində xəyanət ruhu var, Rəbbi də tanımırlar. |
5. | İsrailin qüruru özünə qarşı şəhadət edir. İsraillə Efrayim Günahlarından ötrü büdrəyib-yıxılır. Yəhuda da onlarla birgə yıxılır. |
6. | Qoyun-keçi, mal-qara qurban edərək Rəbbi axtarmağa gedəcəklər, Amma tapmayacaqlar, Çünki Rəbb onları tərk etdi. |
7. | Onlar Rəbbə xəyanət etdi, Çünki bic uşaqlar doğdu. İndi Təzə Ay mərasimi olanda Onlar tarlaları ilə birlikdə məhv olacaq. |
8. | Giveada şeypur çalın, Ramada kərənay çalın, Bet-Avendə car çəkin, Düşmən arxandadır, ey Binyamin! |
9. | Efrayim cəza günündə viran olacaq, Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm. |
10. | Yəhuda başçıları Sərhəd daşı dəyişənlərə bənzəyir. Qəzəbimi sel kimi onların üstünə tökəcəyəm. |
11. | Efrayim zülm gördü, Hökm ilə əzildi, Çünki bilə-bilə Boş şeylərin dalınca getdi. |
12. | Mən Efrayimlilərə qarşı güvə, Yəhuda nəsli üçün kif olacağam. |
13. | Efrayim xəstəliyini, Yəhuda yarasını gördü. Efrayim Aşşura getdi, Böyük padşahdan kömək istədi, Amma o sizə şəfa verməz, Yaranızı sağaltmaz. |
14. | Bəli, Mən Efrayimlilərə qarşı bir şir, Yəhuda nəsli üçün cavan aslan olacağam. Mən, Mən onu parçalayıb gedəcəyəm, Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq. |
15. | Sonra qayıdıb Öz məskənimə gedəcəyəm, O vaxtacan ki özlərini günahkar sayaraq Mənim hüzurumu axtaracaqlar. Bəlaya düşəndə həsrətlə Məni axtaracaqlar». |
← Hosea (5/14) → |