| ← Hosea (10/14) → |
| 1. | İsrail bir qollu-budaqlı meynədir ki, Bol-bol bar gətirir. Ancaq barı artdıqca Qurbangahları da artırdı. Torpağı bərəkətli olduqca Daha gözəl olan müqəddəs daşları da düzəltdi. |
| 2. | Onların ürəkləri yalanla doldu, Günahlarına görə də cəzalanacaqlar. Rəbb onların qurbangahlarını dağıdacaq, Müqəddəs daşlarını sındıracaq. |
| 3. | Onda onlar deyəcək: «Bizim padşahımız yoxdur, Çünki biz Rəbdən qorxmadıq. Padşahımız olsa da, Bizə nə edəcəkdi?» |
| 4. | Əhd bağlayanda boş vədlər verir, Yalandan and içirlər. Buna görə də məhkəmə işləri Şumlanmış tarladakı zəhərli ot kimi böyüyür. |
| 5. | Samariya sakinləri Bet-Avendəki dana bütlərinə görə Qorxuya düşəcək. Onun üçün xalqı yas tutacaq. Onun calalı ilə coşan kahinləri Sürgünə aparıldığı üçün ağlayacaq. |
| 6. | Büt özü Aşşura – böyük padşaha Hədiyyə aparılacaq. Efrayim biabır olacaq, İsrail aldığı məsləhətdən utanacaq. |
| 7. | Samariya və onun padşahı Su üstündəki çubuq kimi Axıb-gedəcək. |
| 8. | İsrailin günahı olan Avendəki səcdəgahlar yox olacaq, Onun qurbangahlarında Tikan və qanqal bitəcək. O zaman dağlara «Bizi örtün!», Təpələrə «Üstümüzə yıxılın!» deyəcəklər. |
| 9. | «İsrail Giveada keçirdiyi Günlərdən bəri günah etdi. Orada öz işlərini davam etdirdilər. Şər adamlara qarşı müharibə Onları Giveada yaxalamazmı? |
| 10. | Mən istədiyim zaman Onları cəzalandıracağam. Xalqlar onlara qarşı birləşib, İkiqat cinayətlərindən ötrü Onları əsir edəcək. |
| 11. | Efrayim əhliləşmiş, Taxıl döyməyi sevən düyəyə bənzər. Mən onun incə boynunu əsirgədim. İndi isə Efrayimi sürdürəcəyəm. Yəhuda yer şumlasın, Yaqub isə dırmıq çəksin. |
| 12. | Özünüz üçün salehlik əkin, Məhəbbət bəhərini biçərsiniz. Dincə qoyulmuş torpağınızı şumlayın, Çünki Rəbbi axtarmaq vaxtıdır. Nəhayət, O gəlib üstünüzə Salehliyin nemətlərini yağdıracaq. |
| 13. | Amma siz pislik əkib, Qəbahət biçdiniz. Yalanın bəhərini yediniz. Çünki öz üsulunuza, Çoxlu cəngavərlərinizə güvəndiniz. |
| 14. | Xalqınızın içində müharibə gurultusu qopacaq, Bütün qalalarınız dağılacaq, Necə ki Şalman müharibə günündə Bet-Arbeli dağıtdı, Ana uşaqları ilə birgə yerə çırpılıb parçalandı. |
| 15. | Ey Bet-El, pisliyinin çoxluğu üzündən Səninlə də belə rəftar ediləcək. Dan ağaranda İsrail padşahı həlak olacaq. |
| ← Hosea (10/14) → |