| ← Hebrews (7/13) → |
| 1. | Bu Melkisedeq Salem padşahı və Allah-Taalanın kahini idi. Padşahları məğlub edib geri qayıdan İbrahimin pişvazına çıxdı və ona xeyir-dua verdi. |
| 2. | İbrahim də ona hər şeyin onda bir hissəsini verdi. Melkisedeq ən əvvəl öz adının mənasına görə salehlik padşahıdır, sonra isə Salem padşahı, yəni sülh padşahıdır. |
| 3. | O, atasız, anasız olub nəsil şəcərəsi yoxdur. Nə günlərinin başlanğıcı, nə də həyatının sonu var. Lakin Allahın Oğluna bənzədilmiş əbədi kahin olaraq qalır. |
| 4. | Baxın bu adam necə böyükdür ki, ulu babamız İbrahim belə, qənimətlərinin onda bir hissəsini ona verdi. |
| 5. | Levi oğullarından kahinlik vəzifəsini alanlar, Qanuna görə xalqdan, yəni İbrahim nəslindən olduqları halda, öz qardaşlarından onda bir hissəni almaq əmrinə malikdirlər. |
| 6. | Amma onların nəslindən olmayan Melkisedeq İbrahimdən onda bir hissəni aldı və vədlərə malik olana xeyir-dua verdi. |
| 7. | Şübhəsiz ki, böyük özündən kiçiyə xeyir-dua verər. |
| 8. | Burada onda bir hissəni ölümlü insanlar alır, orada isə yaşadığına dair şəhadətə malik olan bir nəfər alır. |
| 9. | Demək olar ki, onda bir hissəni alan Levi də İbrahim vasitəsilə onda bir hissəni vermişdi. |
| 10. | Çünki Melkisedeq İbrahimin pişvazına çıxanda Levi hələ əcdadının belində idi. |
| 11. | Beləliklə, əgər kamillik Levililərin kahinliyi vasitəsilə əldə edilsəydi – çünki xalq bu kahinliyə əsasən Qanunu alıb – Harun vəzifəli deyil, Melkisedeq vəzifəli başqa bir kahinin təyin edilməsi barədə danışmağa daha nə ehtiyac vardı? |
| 12. | Çünki kahinlik dəyişiləndə Qanunun da dəyişilməsinə ehtiyac var. |
| 13. | Haqqında bu sözlər deyilən Adam başqa bir qəbiləyə mənsubdur və bu qəbilədən heç kəs qurbangahda xidmət etməmişdir. |
| 14. | Axı Rəbbimizin Yəhuda qəbiləsindən törəməsi məlumdur. Musa bu qəbilə barəsində kahinlərə aid bir söz deməmişdi. |
| 15. | Melkisedeqə bənzər başqa bir Kahinin təyin edilməsi bunu daha da aydın göstərir. |
| 16. | O, Qanunun cismani kahinlik əmrinə görə deyil, tükənməz həyat qüdrətinə görə Kahin oldu. |
| 17. | Çünki «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən» deyə şəhadət olunur. |
| 18. | Bundan əvvəlki əmr zəif və yararsız olduğuna görə ləğv olunur. |
| 19. | Çünki Qanun heç bir şeyi kamilləşdirməyib. Bunun yerinə bizi Allaha yaxınlaşdıran daha gözəl ümid verilir. |
| 20. | Bu kahinlik isə andsız olmadı. O biri kahinlər andsız kahin oldu. |
| 21. | Lakin İsa Ona «Rəbb and içdi, qərarını dəyişməz: “Sən əbədi bir Kahinsən”» deyən Allah vasitəsilə andla kahin oldu. |
| 22. | Buna görə İsa daha yaxşı Əhdin zəmanətçisi oldu. |
| 23. | Bununla belə, həmin kahinlərin sayı çox idi, çünki ölüm onların vəzifədə qalmasına mane olurdu. |
| 24. | Lakin İsa əbədi yaşadığı üçün daimi kahinliyə malikdir. |
| 25. | Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır. |
| 26. | Həqiqətən, bizə belə bir Baş Kahinin olması münasibdir ki, O, müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan ayrılmış, göylərdən daha ucalara qaldırılmış olsun. |
| 27. | O başqa baş kahinlər kimi əvvəlcə öz günahları, sonra da xalqın günahları üçün hər gün qurban təqdim etmək məcburiyyətində deyil. Çünki Özünü qurban verməklə bunu birdəfəlik etdi. |
| 28. | Qanun zəiflikləri olan insanları baş kahin təyin edir. Lakin Qanundan sonra verilmiş and sözü əbədi olaraq kamilləşdirilmiş Oğulu təyin etdi. |
| ← Hebrews (7/13) → |